Balıqçılar arasında toqquşmada 13 nəfər öldü, 22 nəfər itkin düşdü

Efiopiya və Keniyalı balıqçılar arasında baş verən qarşıdurmada 13 nəfər ölüb, 3 nəfər yaralanıb, 22 nəfər isə itkin düşüb.
İki ölkə sərhədində Omo çayı yaxınlığında yerləşən Lopeymukat və Natira bölgələrində efiopiyalı və keniyalı balıqçılar arasında qarşıdurma baş verib. Hadisə zamanı 13 efiopiyalının öldüyü, 3 nəfərin yaralandığı, 22 keniyalı balıqçının isə itkin düşdüyü bildirilib.
Keniyanın Turkana qubernatoru Jeremiah Lomorukai qarşıdurmaların ötən şənbə axşamdan başladığını və 15 balıqçı qayığının oğurlandığını bildirib. Lomorukai Efiopiyanın Dasenech etnik qrupuna aid 6 balıqçının xilas edilərək geri göndərildiyini açıqlayıb.
Keniyanın daxili işlər naziri Kipçumba Murkomen bölgəyə əlavə təhlükəsizlik qüvvələrinin göndərildiyini və Efiopiya ilə əlaqə yaradaraq iki tərəf arasında sülhün bərqərar olması üçün səy göstərdiklərini bildirib.