Almaniyada irqçi söhbət iddiaları ilə bağlı 15 polis haqqında istintaq başladılıb

Almaniyanın Hamburq şəhərində 15 fəal və təqaüddə olan polis haqqında internet üzərindən irqçi söhbətlər etmək iddiası ilə intizam istintaqı başladılıb.
Hamburq Polis İdarəsindən verilən açıqlamada irqçi söhbətlər etməkdə günahlandırılan 15 polis haqqında istintaq başladıldığı bildirilib.
Bəyanatda polisin ksenofob, irqçi, zorakılıq və milli sosializmi tərənnüm edən mesajlar göndərdiyinə dair güclü şübhələrin olduğu qeyd edilib.
Açıqlamada bildirilib ki, məhkəmənin qərarı ilə 6 nəfər fəal polis əməkdaşının evlərində və iş yerlərində, 3 nəfər təqaüddə olan polis əməkdaşının evlərində məhkəmənin qərarı ilə axtarış aparılıb, 7 polis əməkdaşı vəzifəsindən kənarlaşdırılıb.
Hamburq Polis İdarəsinin rəisi Frank Şnabel verdiyi açıqlamada "Hamburq Polis İdarəsində heç bir ayrı-seçkiliyə, zorakılığın və ya ksenofobiyanın təriflənməsinə dözməyəcəyik" deyib.