HƏMAS Qəzzada təcavüzə son qoymaq üçün ABŞ-a təzyiq göstərməyə çağırır

HƏMAS dost ölkələri İsrailin Qəzza zolağının sakinlərinə qarşı təcavüzünü dayandırmaq üçün ABŞ hakimiyyətinə təzyiq göstərməyə çağırıb.
AFN.az xəbər verir ki, bu barədə təşkilatın "Telegram" kanalında dərc olunan bəyanatda deyilir.
“Biz ərəb, islam və beynəlxalq səviyyədə tutduğumuz mövqeyi yüksək qiymətləndiririk, cinayətkar Netanyahu və onun ekstremist hökumətinin qəddar təcavüzünün bərpasını pisləyirik və rədd edirik. Biz Fələstin məsələsini ədalətli hesab edən dost ölkələri müdafiəsiz mülki insanlara qarşı bu təcavüzü və soyqırım müharibəsini dayandırmaq üçün ABŞ administrasiyasına təzyiq göstərməyə çağırırıq”, - deyə sənəddə bildirilir.
Bu arada İsrail ordusu Qəzzada HƏMAS-ın hədəflərinə kütləvi zərbələr endirdiyini bildirib. Netanyahunun ofisi bunu radikalların danışıqlar zamanı vasitəçilər və ABŞ prezidentinin xüsusi elçisi Steven Vitkoff tərəfindən irəli sürülən təklifləri rədd etməsi ilə izah edib.
Fələstin anklavının Səhiyyə Nazirliyinin məlumatına görə, Qəzzada eskalasiyanın yeni raundunda ölənlərin sayı 400-ü keçib, 560-dan çox insan yaralanıb.