"Tesla" səhmləri Wall Street-də "ölüm kəsişməsi"ndə: İnvestorlar üçün bu nə deməkdir?

ABŞ mərkəzli elektrik avtomobil istehsalçısı "Tesla" ən müasir avtomobilləri ilə deyil, bu dəfə investisiya bazarlarında həyəcan siqnalı ilə gündəmdədir. Şirkətin səhm göstəriciləri maliyyə dairələrində tez-tez mənfi əlamət kimi şərh olunan "ölüm kəsişməsi" texniki göstəricisi verib.
Maliyyə analizində tez-tez istifadə edilən bu termin bir səhmin 50 günlük hərəkətli ortalamanın 200 günlük hərəkətli ortalamanın altına düşdüyü zaman baş verir.
Bu, qısamüddətli performansın uzunmüddətli tendensiyalarla müqayisədə zəiflədiyini göstərir və çox vaxt eniş trendinin xəbərçisi hesab olunur.
"Tesla" səhmləri 2025-ci ilin əvvəlindən öz dəyərinin 30 faizindən çoxunu itirib. Bu azalma şirkətin öz daxili dinamikası ilə məhdudlaşmır.
ABŞ-da ticarət tarifləri və federal hökumətin qeyri-müəyyən iqtisadi siyasətləri kimi xarici amillərin də bazara mənfi təsir etdiyi bildirilir.
Mütəxəssislərin fikrincə bu eniş siqnalı hər zaman böyük böhrandan xəbər verməsə də, investorların diqqətli olması lazım olan bir dövrə qədəm qoymasından xəbər verir.
2025-ci il "Tesla" üçün təlatümlü başlayıb. Şirkətin baş direktoru İlon Maskın siyasi bəyanatları və ictimai çıxışları investorların inamını sarsıdan amillərdən olub. Maskın sosial mediadakı siyasi paylaşımları strateji qərarlar və yeniliklər yerinə şirkətin marka dəyərinə xələl gətirdiyi səbəbiylə tənqidlərə səbəb olub.
Zaman zaman yüksələn səhm qiymətləri ümumiyyətlə Maskın siyasi fiqurlarla uyğun mesajlar verdiyi dövrlərə təsadüf edirdi. Lakin bu artımların daimi olmadığı qeyd edilib.
Bundan əlavə, şirkətin istehsal siyasətinə və iş tərzinə etirazların artması investorların inamını zədələyən amillərdən olub.
Tesla səhmlərindəki bu texniki siqnal təcrid olunmuş bir vəziyyət deyil. Bu yaxınlarda ABŞ-ın aparıcı indekslərindən ikisi olan S&P 500 və Nasdaq 100-də oxşar "ölüm kəsişməsi" siqnalları müşahidə olunub. İqtisadçılar bu hadisələri qlobal iqtisadi qeyri-müəyyənliklər, ticarət danışıqlarındakı fasilələr və dəyişən faiz dərəcələri ilə əlaqələndirirlər.
Bəzi ekspertlər bildirirlər ki, bu cür qrafik formasiyalar investorları təşvişə salmamalıdır. Tarixi məlumatlara nəzər salsaq “ölüm kəsişməsi” həmişə uzunmüddətli enişdən xəbər verə bilməz.
Bununla belə, "Tesla" səhmlərinə sahib olan və ya sərmayə qoymağı düşünənlər üçün bu siqnal onların ehtiyatlı olmalarına bir işarə olaraq qiymətləndirilir.