İsrail Səna hava limanını vurdu

İsrail Hərbi Hava Qüvvələrinə məxsus onlarla döyüş təyyarəsi Yəmənin Səna hava limanı ərazisində Ənsar Allah hərəkatının husi üsyançılarının olduğu iddia edilən hədəflərə 15 dəqiqə ərzində əlli sursat atıb.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti məlumat yayıb.
"Mayın 6-da səhər saatlarında İsrail Hərbi Hava Qüvvələrinə məxsus onlarla təyyarə 50 hərbi sursatdan istifadə edərək husi terror rejiminə məxsus çoxsaylı hədəfləri vurub. Bu terrorçuların hədəfləri Sənanın əsas hava limanı və onun ətrafında yerləşirdi", - deyə məlumatda bildirilir. Mətbuat xidməti əlavə edib ki, qırıcılar 15 dəqiqə ərzində Sənanın əsas hava limanını bombalayıb, həmçinin husilərin terror məqsədləri üçün istifadə etdikləri əsas elektrik stansiyalarını və beton zavodunu vurublar.