İsveçrədə buzlağın çökməsi nəticəsində Blatten kəndi yoxa çıxdı

İsveçrənin cənubunda, Valais kantonunda yerləşən Blatten kəndinin böyük bir hissəsi buzlağın çökməsi nəticəsində məhv olub.
Bölgədə baş verən təbii fəlakət zamanı kəndin geniş bir ərazisi nəhəng buz, palçıq və dağıntı yığını ilə örtülüb.
Evlər dağıldı, bəziləri sular altında qaldı
Rəsmilərin verdiyi məlumata görə, hadisə nəticəsində insan tələfatı və ya xəsarət qeydə alınmasa da, kənddəki bir çox ev dağılıb, qalan evlər isə sular altında qalıb.
Hazırda itkin düşmüş 65 yaşlı bir şəxsin axtarış-xilasetmə işləri davam etdirilir.
Buzlağın çökməsi zəlzələyə səbəb oldu
Hadisə nəticəsində ərazidə 3,1 bal gücündə hiss olunan zəlzələ qeydə alınıb.
Blatten kəndində baş verən torpaq sürüşməsi və suyun səviyyəsinin yüksəlməsi qonşu kəndlərdə də təxliyələrə səbəb olub.
İsveçrə Konfederasiyasının Prezidenti Karin Keller-Sutter “X” sosial şəbəkəsində paylaşım edərək, “Evinizi itirmək qorxuncdur. Blatten sakinləri üçün çox üzgünəm,” – deyə bildirib.
Hadisə İsveçrə Alplarında artan buz ərimələri və bu səbəbdən yaranan təhlükələrin, xüsusilə də iqlim dəyişikliyi ilə bağlı təbii risklərin bir daha gündəmə gəlməsinə səbəb olub.