13 yaşlı Xaqan Əhməd Hikaru Nakamuranı məğlub etdi

Azərbaycanlı şahmatçı Xaqan Əhməd Blits Komanda Çempionatının 5-ci raundunda Hikaru Nakamuranı məğlub etməklə gündəmə gəlib.
AFN.az xəbər verir ki, bu barədə idman jurnalisti Sənan Şəfizadə sosial şəbəkə hesabında paylaşımında bildirib.
Jurnalist görüşdən foto paylaşaraq Xaqanın uğuru haqda yazıb:
“Həyat çox qəribədi. Soruşun niyə?
Deməli, Londonda keçirilən blits üzrə dünya çempionatında həmyerlimiz Xaqan Əhmədin qələbəsi gündəm olub. 5-ci turda 2290 FIDE reytinqinə sahib Xaqan Əhməd dünya reytinqində ikinci olan Hikaru Nakamuraya (ABŞ, 2804) qalib gəlməklə diqqətə səbəb olub. Eyni gündə blits yarışında 13 oyundan doqquzunda rəqibləri üstələyən azərbaycanlı şahmatçı qələbələrinin təsadüfi olmadığını sübut edib.
Qəribəlik isə budur. Təsəvvür edin, böyük yarışlarda Hikaru Nakamuranın partiyalarını internetdən izləməklə şahmata daha çox bağlanırsan. Və 13 yaşında Hikaruya qarşı oynamaq şansı qazanıraraq onu məğlub edirsən.
Paylaşdığım fotoya diqqətlə baxın. Əl hərəkətləri insanın vəziyyətini, düşündüyünü göstərir. Hikaru məcburiyyətdən əlini uzadaraq təslim olduğunu etiraf edir. Xaqanın baxışı isə ayrıca dünyadır. Sanki nə etdiyinə inanmır.
Fotoda mərkəzdə hamı şokdadı. Sağda qadın sevincini üzünü tutmaqla boğmağa çalışır. Solda şahmat üzrə Azərbaycan çempionu Rauf Məmmədovun rahat şəkildə oyunu izləməsi. Dünya çempionatında digər komandada çıxış edən Raufun rəqib heyətdə təmsil olunan azərbaycanlının yanında olması möhtəşəmdi.
Əziz Xaqan, bu sadəcə başlanğıc olsun”.