Aİ BRİKS-ə rəqib olaraq Avropa-Asiya ticarət bloku təklif edir

Avropa Komissiyası azad ticarət prinsiplərinə və islah edilmiş Ümumdünya Ticarət Təşkilatının (ÜTT) qaydalarına əsaslanan Avropa-Asiya ticarət blokunun yaradılmasını təklif edib.
AFN.az xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Aİ sammitindən sonra keçirilən mətbuat konfransında deyib. Yeni blokun BRİKS-ə rəqib olacağı bildirilir.
"Mən sammitdə çox cəlbedici və maraqlı bir fikir təqdim etdim ki, Trans-Sakit Okean Tərəfdaşlığı üzrə Hərtərəfli və Mütərəqqi Saziş (CPTPP) ölkələri, yəni Asiya ölkələri Aİ ilə strukturlaşdırılmış əməkdaşlıq, Aİ isə onlarla strukturlaşdırılmış əməkdaşlıq istəyir. Biz ÜTT-də nəyin səhv olduğunu, keçmişə baxıb nəyi təkrarlamamaq lazım olduğunu başa düşərək, ÜTT-nin yenidən qurulmasına başlaya bilərik”, - deyə AK rəhbəri bildirib.
CPTPP Britaniya layihəsidir və hazırda 12 ölkəni əhatə edir: Böyük Britaniya, Avstraliya, Kanada, Yeni Zelandiya, Yaponiya, Çili, Malayziya, Meksika, Peru, Sinqapur, Vyetnam və Bruney. ABŞ bu saziş üzərində işdə iştirak edib, lakin sonradan ondan çıxıb.
Struktur əvvəlcə Çinə və BRİKS-ə əks çəki kimi yaradılmışdı, lakin bu günə qədər BRİKS-lə müqayisə oluna biləcək dinamika əldə edə bilməyib.
Bu layihənin xüsusilə Aİ liderlərinin ABŞ-la ticarət müharibəsi perspektivlərini və Rusiyaya qarşı yeni sanksiyaları müzakirə etdiyi sammitdə gündəmə gəlməsi diqqət çəkib.