Trampın ağrıkəsici və peyvənd iddiaları elmi dairələr tərəfindən rədd edildi


ABŞ Prezidenti Donald Trampın parasetamol və peyvəndləri autizmlə əlaqələndirən iddiaları Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və bir çox ölkənin səhiyyə qurumları tərəfindən “elmdən kənar” adlandırılaraq rədd edilib. Mütəxəssislər isə “Peyvəndlər həyat qurtarır, ağrıkəsicilər hamilələr üçün təhlükəsizdir” mesajını veriblər.

ABŞ Prezidenti Donald Tramp hamilə qadınlara parasetamoldan (asetaminofen) uzaq durmağı, ailələrə isə uşaqlarının peyvəndini təxirə salmağı tövsiyə edib. Lakin Ümumdünya Səhiyyə Təşkilatı peyvəndlərin autizmə səbəb olduğu iddiasını yanlış və təhlükəli kimi qiymətləndirib.

ÜST sözçüsü Tarik Yaşareviç bildirib ki, elm sübut edib ki, peyvəndlər autizmə səbəb olmur, milyonlarla insanın həyatını xilas edir. Böyük Britaniyanın səhiyyə naziri Ves Striçinq isə ictimaiyyətə müraciət edərək, “Trampın sözlərinə fikir verməyin, həkimləri dinləyin” çağırışı edib.

Böyük Britaniyanın dərman agentliyi MHRA parasetamol ilə autizm arasında əlaqə olmadığını açıqlayıb. Avropa Dərman Agentliyi də oxşar bəyanat verərək, “Mövcud elmi məlumatlarda heç bir əlaqə yoxdur” deyib. İspaniya və Avstraliyanın səhiyyə qurumları da dərmanın təhlükəsiz olduğunu bildirib.

Mütəxəssislər Trampın iddialarının elmi əsası olmadığını vurğulayıblar. İsveçdə 2024-cü ildə dərc olunan və 2,4 milyon doğumu əhatə edən genişmiqyaslı araşdırma göstərib ki, hamiləlikdə parasetamol istifadəsi ilə autizm arasında heç bir əlaqə yoxdur.

ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri (CDC) açıqlayıb ki, autizm diaqnozu alan uşaqların nisbəti 2000-ci ildə 150 uşaqdan 1 olduğu halda, 2022-ci ildə 31 uşaqdan 1-ə yüksəlib. Həkimlərin fikrincə bu artım həm diaqnoz meyarlarının genişlənməsi, həm də ailələrin daha çox müraciət etməsi ilə izah olunur.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu