Tramp TikTok-un satışına dair fərmanı imzaladı


ABŞ prezidenti Donald Tramp Çin mənşəli sosial media platforması TikTok-un ölkədəki fəaliyyətlərini davam etdirməsi üçün ABŞ-lı sərmayədarlara satılmasına şərait yaradan fərmanı imzalayıb.

Tramp Oval ofisdə sənədə imza atarkən bildirib ki, Çin prezidenti Si Cinpinlə çox yaxşı bir görüş keçiriblər və tərəflər arasında TikTok məsələsi də müzakirə olunub. “Ona böyük hörmətim var. Ümid edirəm o da mənə eyni münasibətdədir. TikTok və digər mövzuları danışdıq və bizə razılıq verdi”, – deyə Tramp qeyd edib.

O, Dell Technologies rəhbəri Maykl Dell, “Fox”un sahibi Rupert Merdok və Oracle-ın qurucusu Lerri Ellison kimi ABŞ-ı sevən sərmayədarların təşəbbüsə dəstək verdiyini açıqlayıb. Tramp əlavə edib ki, təhlükəsizlik məsələsində əsas rolu Oracle oynayacaq.

ABŞ-ın vitse-prezidenti Cey Di Vens isə bəyan edib ki, Çin tərəfinin müəyyən müqavimətinə baxmayaraq, TikTok-un ölkədə fəaliyyətini davam etdirməsini istəyirlər. Onun sözlərinə görə, bu razılaşma amerikalıların TikTok-dan daha təhlükəsiz istifadə etməsini təmin edəcək, vətəndaşların məlumatları qorunacaq və platforma təbliğat vasitəsi kimi istifadə olunmayacaq. Vens şirkətin dəyərinin təxminən 14 milyard dollar olacağını bildirib.

ByteDance-in payı 20 faizdən az olacaq

Ağ Evin yaydığı açıqlamaya əsasən, TikTok-un ABŞ-dakı əməliyyatları yeni yaradılacaq və çoxluğu amerikalı sərmayədarların nəzarətində olan birgə müəssisə tərəfindən idarə olunacaq. ByteDance-in payı isə 20 faizdən aşağı olacaq.

Məlumata görə, alqoritmlər, məlumatların saxlanması və proqram təminatı yeniləmələri ABŞ-da qurulacaq yeni strukturun nəzarətində olacaq. Amerikalı istifadəçilərin məlumatları yalnız ABŞ şirkətlərinin serverlərində saxlanacaq və təhlükəsizlik tərəfdaşları tərəfindən izlənəcək.

Ədliyyə Nazirliyi isə 120 gün ərzində TikTok-un qadağan olunmasına dair qanunu tətbiq etməyəcək. Daha əvvəl açıqlanmışdı ki, Oracle və Silver Lake şirkətləri də ABŞ-da TikTok-un fəaliyyətinə nəzarət edəcək sərmayəçi konsorsiumda yer alacaq.

Xatırladaq ki, 2024-cü ilin martında Nümayəndələr Palatası “Amerikalıları xarici düşmənlərin idarə etdiyi tətbiqlərdən qorumaq haqqında qanun”u qəbul etmişdi. Eyni qanun apreldə Senatdan keçərək o dövrdə prezident olan Co Baydenin imzası ilə qüvvəyə minmişdi.

Qanuna görə, TikTok-un əsas sahibi ByteDance şirkəti paylarının 80 faizini ABŞ-lı sərmayədarlara ötürmədiyi təqdirdə tətbiqin ölkədə qadağan olunması nəzərdə tutulurdu. Daha sonra Ali Məhkəmə də bu qərarı təsdiqləmişdi.

Lakin 20 yanvarda vəzifəyə başlayan Donald Tramp bu müddəti dəfələrlə uzatmış, sonuncu dəfə sentyabrın 16-da fərmanla vaxtı yenidən təxirə salmışdı.

19 sentyabrda Tramp və Si Cinpin arasında keçirilən telefon danışığında TikTok məsələsi də müzakirə olunmuş, Tramp razılıq üçün Çin liderinə təşəkkür etmişdi.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu