ABŞ polisi qayda pozan sürücüsüz avtomobili cərimələyə bilmədi
Kaliforniyada polis qaydanı pozan sürücüsüz avtomobili cərimələmək istəsə də, robot üçün ayrıca seçim olmadığından protokol tərtib edə bilməyib.
San Bruno polis idarəsinin məlumatına görə, ötən həftə keçirilən spirtli içki reydində qırmızı işıqda qadağan olunmuş dönüş edən Waymo şirkətinə məxsus sürücüsüz avtomobil saxlanılıb. Lakin içəridə sürücü olmadığı üçün polis cərimə yaza bilməyib. Departamentin paylaşımında “Cərimə dəftərimizdə robot üçün qutu yoxdur” ifadəsi yer alıb. Hadisə barədə şirkətə məlumat verilib və avtomobilin proqramlaşdırılaraq eyni səhvi təkrarlamaması ümid edildiyi bildirilib.
Waymo hadisəni araşdırdıqlarını, sistemin yol hərəkəti qaydalarına uyğun işləmək üçün dizayn edildiyini açıqlayıb. Şirkət “Yol təhlükəsizliyini artırmaq üçün öyrənməyə və inkişaf etdirməyə davam edirik” bəyanatını yayıb.
Kaliforniya qubernatoru Qavin Nyusomun ötən il imzaladığı qanuna əsasən, 2026-cı ilin iyulundan polis sürücüsüz avtomobillərə “uyğunsuzluq bildirişi” verə biləcək. Bundan başqa, şirkətlər təcili hallarda hüquq-mühafizə orqanları ilə birbaşa əlaqə xətti yaratmaq məcburiyyətində qalacaq. Qanun San Fransiskoda sürücüsüz avtomobillərin yanğınsöndürən maşınlara mane olması, cinayət yerlərinə daxil olması və piyadaları vurması kimi hadisələrdən sonra gündəmə gətirilmişdi.
2009-cu ildə Google-un X laboratoriyasında layihə kimi başlayan Waymo zaman-zaman problemlərlə gündəmə gəlib. Bu il proqram təminatındakı xətalara görə 1200-dən çox avtomobil geri çağırılıb. ABŞ Milli Yol Hərəkəti Təhlükəsizliyi İdarəsi isə avtomobillərin səhv manevrlərinə dair 22 şikayət əsasında araşdırma başladıb.



