Aİ-nin NATO nümunəsində öz hərbi qərargahının yaradılması təklif edilir
Avropa Parlamentinin (AP) deputatları NATO nümunəsində Avropa İttifaqının (Aİ) öz hərbi qərargahının yaradılması və üzv ölkələr arasında qoşunların sürətli yerləşdirilmə imkanlarının yaxşılaşdırılması çağırışını ehtiva edən qətnaməni qəbul ediblər.
AFN.az xəbər verir ki, səsvermə AP-nin rəsmi saytında yayımlanıb.
Qətnamə hüquqi məcburiyyət daşımır, lakin Aİ institutları üçün tövsiyə xarakteri daşıyır.
Sənəddə qeyd olunur: “Avropa komandanlıq və idarəetmə strukturunun yaradılmasına irəliləyiş edilməsini təşviq edirik. Bu struktur təkcə ümumi təhlükəsizlik və müdafiə siyasətinə uyğun böhranları idarə etməyəcək, eyni zamanda NATO-nun Avropadakı Birləşmiş Qüvvələr Qərargahının (SHAPE) ekvivalentinə xidmət edəcək”.
Həmçinin Rusiyaya yönəlmiş “daimi böhran qrupu”nun yaradılması təklif edilir, bu qrup real vaxtda təhlükələri izləyəcək. Deputatlar NATO və Aİ arasında daha sıx əməkdaşlıqla Avropa ölkələrinin hərbi potensialını gücləndirməyi və Rusiya təhdidinə qarşı durmağı təşviq edirlər. Qərargah strukturu isə NATO ilə təkrarlanmamalı, yalnız tamamlayıcı rol oynamalıdır.
Qətnamədə həmçinin vurğulanır: “Aİ daxilində hərbi mobiliteti bütün koridorlarda gücləndirmək və sərhəd mühafizəsini möhkəmləndirmək lazımdır. Növbəti çoxillik maliyyə planlarında hərbi mobilitet üçün maliyyənin on dəfə artırılmasını və ikili istifadəyə malik infrastruktur, xüsusilə sərhəd bölgələrinə böyük investisiyaların qoyulmasını dəstəkləyirik”. Deputatlar eyni zamanda hərbi Şengen zonası yaradılmasını nəzərdən keçirməyi təklif edirlər.
Sənəddə Avropa ölkələrinin hava məkanına müdaxilə edən bütün dron və digər təhdidlərə qarşı tədbirlərin dəstəklənməsi vurğulanır. Deputatlar Rusiyanı bir sıra Avropa ölkələrinin hava məkanını pozmaqda ittiham edirlər. Bu kontekstdə üzv ölkələr arasında dronlarla mübarizə və koordinasiyanın gücləndirilməsi, Avropa Komissiyasının “dron divarı” layihəsi alqışlanır. Planın 2025-ci il oktyabrın 23-24-də təqdim olunacağı gözlənir.
Deputatlar BPL-nin aşkar edilməsinin yüksək maliyetli olmasını da qeyd edir və iqtisadi baxımdan effektiv qarşı tədbirlər üçün ortaq proqramların həyata keçirilməsini təklif edirlər. Qətnamədə həmçinin müdafiə sektoruna investisiyaların artırılmasının vacibliyi, dron istehsalı üçün ekoloji qanunvericilikdə istisnaların nəzərdən keçirilməsi qeyd olunur.
AP deputatları hesab edirlər ki, Aİ ölkələri BPL imkanlarını konvensional hava müdafiə qüvvələrinə tam inteqrasiya etməli, NATO ilə məlumat mübadiləsini davamlı təmin etməli və rəqəmsal müdafiə və kibermüdafiə sahələrində bilik paylaşımını gücləndirməlidir. Qətnamədə hüquq-mühafizə orqanları, təhlükəsizlik xidmətləri və mülki qurumlar üçün təhlükəsiz, etibarlı və davamlı kommunikasiya sistemlərinin yaradılması tələb olunur.


