63 milyon manatlıq sifariş alan "universal" şirkət: "Vest-LTD"nin sahibi kimdir?


"Vest-LTD" QSC 9 ayda 63 milyon manatlıq tenderlərin qalibi olub

Dövlət satınalmalarında fəal iştirak edən bəzi şirkətlər müxtəlif sahələr üzrə qalib elan edilir. Tutaq ki, bir quruma geyim sifarişi alan şirkət başqa bir qurum üçün təmir işləri görür, yaxud hansısa yerli icra hakimiyyətinin abadlıq işləri ilə bağlı elan etdiyi tenderdə qalib olur.

Qaynarinfo xəbər verir ki, belə şirkətlərdən biri də "Vest-LTD" Qapalı Səhmdar Cəmiyyətidir (QSC).

QSC cari ilin 9 ayında 7 tenderin qalibi elan edilib. Bu tenderlər Milli Arxiv İdarəsi, Azərbaycan Dövlət İqtisad Universiteti, Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi"Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC tərəfindən keçirilib.

Yuxarıda adı çəkilən qurumlar şirkətdən inventarlar, auditoriyaların, xidməti otaqların və digər müxtəlif təyinatlı məkanların komplektləşdirilməsi ilə bağlı mallar, əsaslı və cari təmir işləri, abadlıq işləri, mebel, yataq ləvazimatları və xüsusi geyimlər almağı planlaşdırır. Bu tenderlər üzrə satınalma müqavilələrinin ümumi maliyyə dəyəri 63 046 864,83 manatdır.

Satınalma predmetlərindən görünür ki, "Vest-LTD" QSC həm mebel, həm yataq ləvazimatları, həm xüsusi geyimlər satır, həm də təmir və abadlıq işləri görür.

Əlbəttə, bir şirkətin çoxprofilli olması mümkündür. Lakin 9 aya 63 milyonluq sifariş alan bir şirkət haqqında açıq mənbələrdə heç bir məlumat yoxdursa, şirkətin əlaqə nömrələrinə, internet səhifəsinə rast gəlinmirsə, onun fəaliyyəti şübhə altına düşür.

Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, "Vest-LTD” QSC 14 aprel 2010-cu ildə qeydiyyata alınıb. Şirkət 2018-ci ilədək MMC kimi fəaliyyət göstərib, həmin ildən təşkilati-hüquqi formasını dəyişərək QSC-yə çevrilib. "Vest-LTD” QSC-nin nizamnamə kapitalı 2050 manatdır. Hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, Cavad xan, ev 51, mənzil 46-da yerləşir. Şirkətin qanuni təmsilçisi isə Vərdəliyev Şahin Əlimərdan oğludur.

Mediada yer alan iddialara görə, şirkətin sahibi Hacı Ramazan Mirəzyevdir. O, “tender kralı” kimi tanınır və nəzarətində olan şirkətlərin əsasən Bakı Şəhər İcra Hakimiyyəti və onun nəzdində fəaliyyət göstərən qurumların tenderlərində qalib olduğu bildirilir.

"Vest-LTD” QSC də sözügedən MMC-nin tenderlərində bir çox hallarda qalib olur. Bu isə mediada yer alan iddiaların əsassız olmadığına şübhələri artırır.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu