Ramiz Mehdiyev Bulvar yaxınlığında 1.5 milyona ev axtarır?
Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev barəsində dörd aylıq ev dustaqlığı qətimkan tədbiri seçilib və o, Dənizkənarı Bulvar yaxınlığında ev axtarır. Bu işdə ona Kənan adlı yaxın qohumu vasitəçilik edərək köməklik göstərir.
AFN.az, manset.az-a istinadən xəbər verir ki, R.Mehdiyev ev dustaqlığını məhz Bulvar kənarında yerləşən evlərin birində keçirmək istəyir. Həkim məsləhətinə əsasən, Ramiz Mehdiyev dəniz havasına yaxın ərazidə yaşamalıdır. Lakin onun Novxanı qəsəbəsində yerləşən evi şəhər mərkəzindən uzaq olduğu üçün bu məqsədəuyğun hesab edilmir. Bildirilir ki, onun səhhəti tez-tez pisləşdiyindən ailəsi sağlamlığı ilə bağlı tədbirlər görməyə çalışır.
Kənan adlı vasitəçi Mehdiyevin tapşırığı ilə təxminən 1 milyon – 1,5 milyon manat qiymətində, sahəsi 150 kvadratmetrdən çox olan, tam təmirli mənzil axtarır.
Sayt bu məlumatla bağlı Ramiz Mehdiyevlə əlaqə saxlamağa çalışsa da, bu mümkün olmayıb. Daha sonra Mehdiyevin kürəkəni, sabiq deputat İlham Əliyev ilə əlaqə yaradılıb. İlham Əliyev əvvəlcə telefonda danışanın köməkçi olduğunu bildirsə də, az sonra danışığından onun özü olduğu aydın olub. Ona “Ramiz Mehdiyevin Dənizkənarı Bulvar ərazisində 1 milyon manata ev axtardığı” ilə bağlı sual verilib və sabiq deputat bu məlumatı təkzib etməyib.
Qeyd edək ki, Mehdiyevə qarşı dövlətə xəyanət (CM-nin 274-cü maddəsi), hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama (278-ci maddə), eləcə də cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması (193-1-ci maddə) ittihamları irəli sürülüb.



