Minlərlə şəxs Johnson & Johnson-u xərçəng riski səbəbilə məhkəməyə verdi


İngiltərədə 3 mindən çox insan ABŞ-ın əczaçılıq nəhəngi Johnson & Johnson (J&J) şirkətinə qarşı iddia qaldırıb. Onlar şirkətin talk əsaslı uşaq pudrasının asbest tərkibli olduğunu və bunun xərçəng riskini artırdığını iddia edirlər.

BBC-nin əldə etdiyi sənədlərə əsasən, J&J-nin hələ 1960-cı illərdən etibarən talk pudrasında tremolitaktinolit kimi lifvari asbest növlərinin mövcudluğundan xəbərdar olduğu bildirilir. Şirkətin bu məlumatlara baxmayaraq məhsul etiketlərində hər hansı xəbərdarlıq etmədiyi, əksinə təmizlik və təhlükəsizlik imicini gücləndirən aqressiv reklam kampaniyaları apardığı iddia olunur.

1973-cü ilə aid daxili yazışmalarda “Uşaq pudramızda lif kimi təsnif oluna biləcək talk hissəcikləri var” ifadəsi yer alır. Həmin il şirkət rəhbərliyinin asbest liflərini talkdan ayırmaq üçün patent planlaşdırdığı, lakin mövzunun gizli saxlanılmasının daha məqsədəuyğun olacağı barədə qərara gəldiyi də qeyd olunur.

Şirkət isə iddiaları rədd edərək açıqlama yayıb. Açıqlamada qeyd olunub ki, məhsullarda heç vaxt asbest aşkarlanmayıb və onlar beynəlxalq təhlükəsizlik standartlarına tam uyğundur.

Reklam strategiyaları və ittihamlar

Məhkəmə sənədlərinə görə, J&J 1970–2000-ci illər arasında müxtəlif dövrlərdə ağ analardan tutmuş afrikalı mənşəli qadınlara qədər fərqli qruplara yönəlmiş marketinq strategiyaları həyata keçirib.

2008-ci ilə aid bir daxili e-məktubda “Talkın körpələr üçün təhlükəsiz olmaması narahatedicidir… Artıq buna uşaq pudrası deyə bilmərik” ifadələri yer alır. Şirkət bu mesajın xərçəng deyil, boğulma təhlükəsi haqqında olduğunu bildirib.

Həmçinin iddialara görə, J&J ABŞ Qida və Dərman İdarəsini (FDA) daha aşağı həssaslıq standartları tətbiq etməyə razı salmağa çalışıb ki, az miqdarda asbest liflərinin aşkarlanması çətinləşsin.

İddiaçılar arasında yumurtalıq xərçəngi, mezotelyoma və digər xərçəng növlərindən əziyyət çəkən çoxsaylı şəxslər var. Oxşar məhkəmə işləri ABŞ-da da illərdir davam edir. Konnektikut ştatında bir məhkəmə J&J-ni mezotelyoma diaqnozu qoyulan bir kişiyə 25 milyon dollar təzminat ödəməyə və şirkətin “asbest tərkibli talk məhsullarını bilərək satdığına” qərar vermişdi.

Şirkət bu qərardan da apellyasiya verib. Talk əsaslı uşaq pudrasının satışı ABŞ-da 2020-ci, İngiltərədə isə 2023-cü ildə tamamilə dayandırılıb.

“Məhsul təhlükəsiz idi” müdafiəsi

Johnson & Johnson və onun ayrılmış istehlakçı brendi Kenvue birgə açıqlamada bildiriblər:

Xərçənglə mübarizə aparan insanlara dərin empati duyuruq. Lakin məhsulumuz dünyanın aparıcı laboratoriyaları və səhiyyə qurumlarının müstəqil testləri ilə təhlükəsiz hesab edilib. Pudramız asbest tərkibli deyil və xərçəngə səbəb olmur.

Hüquqşünasların sözlərinə görə, bu proses İngiltərə tarixində ən iri məhsul məsuliyyəti məhkəməsi ola bilər və nəticədə yüz milyonlarla funt sterlinq həcmində təzminat qərarı çıxarıla bilər.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu