Miqren və baş ağrıları qlobal ictimai sağlamlıq böhranına çevrilib


Miqren və digər baş ağrısı növlərinin dünya üzrə ən geniş yayılmış və əlillik yaradan sağlamlıq problemləri arasında yer aldığı müəyyən edilib.

La Trobe UniversitetiWestern Health-in rəhbərliyi ilə aparılan və Cell Reports Medicine jurnalında dərc olunan araşdırmada Qlobal Xəstəlik Yükü (GBD) məlumatlarından istifadə edilərək 1990–2021-ci illər arasında 204 ölkə və regionda baş ağrılarının yayılma tezliyi araşdırılıb.

Nəticələrə görə, hazırda dünya üzrə təxminən 2,8 milyard insan baş ağrısından əziyyət çəkir.

Tədqiqatda müasir həyat tərzinin baş ağrılarının artmasında mühüm rol oynadığı vurğulanır. Stres, hərəkətsiz həyat, alkoqol və qəhvə istehlakı, eləcə də keyfiyyətsiz yuxu baş ağrılarını artıran əsas amillər kimi göstərilib.

Araşdırmaya əsasən, xüsusilə 30–44 yaş arası qadınlar və yüksək gəlirli ölkələrdə yaşayan insanlar bu sağlamlıq problemlərindən daha çox təsirlənir.

Tədqiqatda həmçinin Covid-19 pandemiyasının da yeni çətinliklər yaratdığı, yoluxma və peyvəndləmədən sonra belə baş ağrısı şikayətlərinin davam etdiyi qeyd olunub.

Araşdırmanın baş müəllifi professor Tissa Vijeratne diaqnostika və müalicə sahəsindəki irəliləyişlərə baxmayaraq, davamlı risk faktorları və peşəkar tibbi yardıma məhdud çıxış səbəbindən baş ağrısı pozuntularının qlobal miqyasda azalmasının mümkün görünmədiyini bildirib.

Vijeratne vurğulayıb ki, baş ağrısı problemləri qlobal səhiyyə gündəminin prioritetlərinə daxil edilməli, fərdlərə yönəlik xüsusi müalicə proqramları və səhiyyə investisiyaları artırılmalıdır.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu