Belçikalıların beşdə biri ruhi sağlamlıq problemlərindən əziyyət çəkir
Belçika əhalisinin demək olar ki, beşdə birinin ruhi sağlamlıq problemlərindən əziyyət çəkdiyi və bu problemlərin xüsusilə gənclərə təsir etdiyi müəyyən edilib.
Belga agentliyinin Belçika Səhiyyə İnstitutu Sciensano tərəfindən yayımlanan 2023–2024-cü illəri əhatə edən sağlamlıq sorğusuna əsaslanan xəbərinə görə, belçikalıların beşdə biri gələcəyə bədbin baxır.
Sorğuda iştirak edənlərin təxminən beşdə birində stres, gərginlik, əhval-ruhiyyə pozğunluğu kimi simptomlara rast gəlinib. Bu şəxslərin ciddi psixoloji problemlər yaşadığı ortaya çıxıb.
Bundan əlavə, əhalinin yarısının yuxu pozğunluqlarından əziyyət çəkdiyi də müəyyən edilib.
Ruhi sağlamlıq problemləri xüsusilə 15–24 yaş arası gənclərə təsir göstərir. Bu qrupun təxminən dörddə birinin narahatlıq (anksiyete) və ya depressiyadan əziyyət çəkdiyi diqqət çəkir.
Qadınların və təhsil səviyyəsi aşağı olan şəxslərin adətən tək qalmaq və psixoloji çətinliklər yaşamaq ehtimalı daha yüksəkdir. Bu vəziyyətin səbəbləri arasında iqtisadi böhran, COVID-19 pandemiyası və beynəlxalq siyasi mühitin qeyri-müəyyənliyi göstərilir.
Sciensano xüsusilə qadınlar, gənclər və sosial baxımdan zəif vəziyyətdə olan şəxslər kimi həssas qruplar üçün psixoloji dəstəyə çıxış imkanlarının yaxşılaşdırılması kimi tədbirlərin görülməsi çağırışı edib.


