Danimarkada poçt qutuları 170 il sonra satışa çıxarılır


Danimarkanın milli poçt xidməti PostNord 31 dekabr etibarilə məktub çatdırılmasını tamamilə dayandırmadan əvvəl ölkədə 170 ildir istifadə olunan poçt qutularını satışa çıxaracağını açıqlayıb.

PostNord ilin sonunda Danimarkadakı son məktubu çatdıracağını və buna görə də 1200 poçt qutusunu ölkənin illik yardım kampaniyası olan Danmarks Indsamling layihəsinə bağışlayacağını bildirib.

Məlumata əsasən, 15 dekabrda 1000 poçt qutusu onlayn satışa çıxarılacaq.

Məhsullar pərakəndə şəbəkəsi Fotex-in internet saytında 1500–2000 Danimarka kronu (200–267 avro) arasında dəyişən qiymətlərlə əldə oluna biləcək.

Yanvarda isə müəyyən məntəqələrdən sökülən və ya danimarkalı rəssamlar tərəfindən dizayn olunan əlavə 200 poçt qutusu hərrac yolu ilə satılacaq.

PostNord-un bu günə qədər ölkə üzrə təxminən 1500 poçt qutusu var idi. Bu qutuların hazırkı dizaynı 1876-cı ilə gedib çıxır. Danimarkadakı ilk poçt qutusu isə 1851-ci ildə Kopenhagendə qurulub. PostNord martda verdiyi açıqlamada məktub çatdırılmasını dayandıracağını və fəaliyyətini tamamilə kargo daşımalarına yönəldəcəyini bildirib.

Şirkət yenidən qurulma qərarını 2000-ci ildən bəri göndərilən məktubların sayının 90 faizdən çox azalması ilə əsaslandırıb. Bu proses işçi qüvvəsinin 30 faizinin azaldılmasını da özü ilə gətirib.

PostNord məktub daşımadan çəkildikdən sonra məktubların daşınması missiyası əsasən qəzet paylama ilə məşğul olan Dao şirkətinə keçəcək.

Dao yeni dövrdə xidmət mərkəzlərinə 1500 ədəd qırmızı poçt qutusu quraşdırıb. Şirkətin nümayəndəsi Lars Balsbi bildirib ki, danimarkalılar məktublara və poçt ənənəsinə çox bağlıdırlar. Balsbi qeyd edib ki, buna görə də qırmızı poçt qutularını quraşdıraraq bu ənənənin davam etməsini istəyirlər.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu