Prezident amnistiya elan olunması təşəbbüsünü irəli sürdü



Azərbaycan suverenliyinin bərpasının, Konstitusiyanın ali hüquqi qüvvəsinin ölkənin bütün ərazilərində bərqərar olunmasının xalqımızın ən böyük tarixi qələbəsi olduğunu nəzərə alaraq, humanizm və mərhəmət ənənələrinə sadiq qalaraq, cəzadan azad etmənin tərbiyəvi əhəmiyyətinə inanaraq Prezident İlham Əliyev amnistiya elan edilməsi təşəbbüsü ilə çıxış edib.

AFN.az xəbər verir ki, Amnistiya aktının layihəsinə əsasən, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində2023-cü il sentyabrın 19–20-də keçirilmiş antiterror əməliyyatında iştirak etmiş şəxslərin cəzadan və ya cinayət məsuliyyətindən azad edilməsi nəzərdə tutulur.

Layihə həmçinin bu əməliyyatlarda həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumlarını, Ermənistanın mülki əhaliyə qarşı hərbi təxribatları nəticəsində əlil olmuş şəxsləri də əhatə edir.

Bununla yanaşı, qadınlar, 60 yaşına çatmış şəxslər, cinayət törədərkən yetkinlik yaşına çatmayanlar və digər kateqoriyalara aid şəxslərin də amnistiya aktından yararlanması nəzərdə tutulur.

Layihəyə əsasən, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş bir sıra şəxslər cəzadan azad ediləcək və ya onların cəzalarının çəkilməmiş hissəsi azaldılacaq.

Azərbaycan Prezidentinin Milli Məclisə təqdim etdiyi bu Amnistiya aktının tətbiq ediləcəyi şəxslərin sayına görə ölkə tarixində ən böyük amnistiya olacağı ehtimal edilir.

Belə ki, amnistiya aktının 20 mindən çox şəxsə şamil ediləcəyi gözlənilir.

Məlumata görə, 5 mindən çox məhkum azadlıqdan məhrumetmə cəzasından azad ediləcək, 3 mindən artıq şəxsin cəzası azaldılacaq.

Eyni zamanda 7 mindən çox məhkum azadlığın məhdudlaşdırılması cəzasından, 4 minə yaxın şəxs azadlıqdan məhrumetmə ilə bağlı olmayan digər cəzalardan və ya şərti tətbiq edilmiş cəzalardan azad ediləcək.

Həmçinin mindən çox şəxsin ümumiyyətlə cinayət məsuliyyətindən azad ediləcəyi proqnozlaşdırılır.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu