Baş Prokurorluqdan Kamran Əsədovun adı hallanan işlə bağlı AÇIQLAMA
Ali məktəblərə qəbul və buraxılış imtahanlarında qanunsuz köməklik göstərilməsi ilə bağlı başlanmış cinayət işləri üzrə ibtidai istintaq yekunlaşıb.
Məlum olduğu kimi, ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmiş şəxslərə imtahan qaydalarına zidd olaraq köməklik göstərilməsinə dair Dövlət İmtahan Mərkəzindən Dövlət Təhlükəsizliyi Xidmətinə daxil olmuş məlumatlar əsasında cinayət işi başlanıb.
AFN.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
Bildirilib ki, cinayət işinin ibtidai istintaqı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılıb.
İbtidai istintaqla fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Abbasov Gündüz Yaşar oğlunun təşkil etdiyi hazırlıq kursunun abituriyent və şagirdlərinə ali məktəblərə qəbul və buraxılış imtahanları zamanı testlərin cavablandırılmasına kömək etmək məqsədilə gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələri qanunsuz hazırlamasına əsaslı şübhələr müəyyən edilib.
Həmçinin onun Əsədov Kamran Alim oğlu ilə cinayət əlaqəsinə girərək 3 nəfərin və şəxsən 8 nəfər olmaqla, ümumilikdə 11 nəfərin üzərinə həmin texniki vasitələri quraşdırmaqla imtahan prosesində köməklik göstərdiyi məlum olub.
Bundan başqa, Sumqayıt şəhəri ərazisində Hüseynov Sənan Rasim oğlunun xüsusi icazə almadan, normativ-hüquqi aktların tələblərinə zidd olaraq gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş 31 ədəd texniki vasitənin satışını həyata keçirməsinə əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlara əsasən, Gündüz Abbasova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 302.3 (gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrin qanunsuz satışı və satış məqsədilə əldə edilməsi) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham elan edilib.
Kamran Əsədova həmin Məcəllənin 302.3 və 32.5, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmədə köməkçilik), Sənan Hüseynova isə 302.3-cü maddəsi ilə ittiham irəli sürülüb.
Məhkəmənin qərarı ilə Gündüz Abbasov barəsində həbs qətimkan tədbiri seçilib, digər şəxslər barəsində isə həbslə bağlı olmayan qətimkan tədbirləri tətbiq olunub.
Cinayət işləri üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə məhkəmələrə göndərilib.
Qeyd edilib ki, Kamran Əsədov əvvəllər də Cinayət Məcəlləsinin 178.2.4 və 310-cu maddələri ilə cinayət məsuliyyətinə cəlb olunub və məhkəmənin 18.02.2015-ci il tarixli hökmü ilə cərimə və 2 il müddətinə islah işləri cəzasına məhkum edilib.



