II Türkiyə-Azərbaycan İnvestisiya Forumu hər iki ölkəyə nə qazandıracaq? – TƏHLİL
Türkiyə ilə Azərbaycan arasında iqtisadi və ticarət əməkdaşlığına həsr olunmuş Birgə Hökumətlərarası Komissiyanın 12-ci iclası Bakıda təkcə növbəti rəsmi protokol toplantısı deyil, iki ölkə arasında strateji iqtisadi ittifaqın yeni mərhələyə keçidi kimi qiymətləndirilə bilər.
Görüşdə Türkiyənin vitse-prezidenti Cövdət Yılmaz və Azərbaycanın Baş naziri Əli Əsədovun sədrlik etməsi, eləcə də nazirlər və biznes dairələrinin yüksək səviyyədə təmsil olunması gündəliyin sırf texniki deyil, siyasi əhəmiyyət daşıdığını göstərir.
Hər iki ölkə prezidentinin müəyyən etdiyi 15 milyard dollarlıq ticarət həcmi hədəfi fonunda iclas həm mövcud rəqəmlərin təhlili, həm də konkret addımların razılaşdırılması baxımından açar rol oynayır. 2024-cü ildə Türkiyənin Azərbaycana ixracı 3,1 milyard, idxalı isə 4,8 milyard dollar olub. Ümumi ticarət dövriyyəsi və qarşılıqlı investisiyalar – Türkiyənin Azərbaycana təxminən 18 milyard, Azərbaycanın Türkiyəyə 21 milyard dollar sərmayəsi – tərəflərin strateji müttəfiqlər olduğunu göstərir.
Bakıda keçiriləcək görüşlərin əhəmiyyəti bir neçə istiqamətdə özünü göstərir. Əvvəla, ticarətin asanlaşdırılması, qeyri-tarif maneələrinin azaldılması, gömrük və logistika prosedurlarının sadələşdirilməsi iki ölkə biznesi üçün əməli rahatlıq yaradacaq. Bu, xüsusilə tranzit daşımaları, istehsal kooperasiyası, kənd təsərrüfatı məhsulları, sənaye malları və xidmətlər sektorunda ticarətin sürətlənməsinə səbəb ola bilər.
İkincisi, enerji, nəqliyyat, səhiyyə, təhsil və mədəniyyət sahələrini əhatə edən yeni fəaliyyət planı iqtisadi əməkdaşlığı daha sistemli, uzunmüddətli və qarşılıqlı faydaya əsaslanan çərçivəyə salacaq. Bu protokol Türkiyə-Azərbaycan iqtisadi münasibətlərinin növbəti illər üçün yol xəritəsi rolunu oynayacaq.
Azərbaycan üçün forumun qazancı həm iqtisadi, həm də geosiyasi müstəvidə dəyərləndirilə bilər. Türkiyə Azərbaycan üçün enerji ixracı və qeyri-neft sektorunun inkişafında əsas müttəfiqdir. Birgə layihələr Azərbaycanın iqtisadiyyatının şaxələndirilməsinə, yeni istehsal və xidmət sahələrinin yaranmasına, məşğulluğun artmasına şərait yaradır.
Türkiyə üçün isə Azərbaycan Cənubi Qafqazda əsas strateji tərəfdaş, enerji təhlükəsizliyi zəncirinin mühüm həlqəsi və türk sərmayəsi üçün əlverişli, sabit bir məkandır. Bakı-Tbilisi-Ceyhan, TANAP kimi layihələrdən sonra yeni ortaq təşəbbüslər Türkiyənin regional iqtisadi mövqeyini möhkəmləndirir.
Xüsusi diqqət çəkən məqamlardan biri 2-ci Türkiyə-Azərbaycan İnvestisiya Forumunun bu proqram çərçivəsinə daxil edilməsidir. Forum hökumətlərarası razılaşmaları real biznes layihələrinə çevirən platforma kimi strateji əhəmiyyət kəsb edir. Burada iki ölkənin iş adamları birbaşa siyasi qərarvericilərlə görüş və müzakirə imkanı qazanır. Bu isə sərmayə qərarlarını sürətləndirir, bürokratik maneələri azaldır və yeni birgə müəssisələrin yaranmasına şərait yaradır.
Forum həmçinin regional iqtisadi əməkdaşlıq üçün siqnal rolunu oynayır. Türkiyə və Azərbaycan birlikdə Cənubi Qafqaz, Orta Asiya və daha geniş coğrafiyada ortaq layihələrlə çıxış etdikcə, bu model digər ölkələr üçün də cəlbedici əməkdaşlıq çərçivəsinə çevrilir.
Qısacası, 12-ci iclas və 2-ci İnvestisiya Forumu Türkiyə-Azərbaycan münasibətlərini davamlı iqtisadi inteqrasiya mərhələsinə daşıyan mühüm hadisədir. Həm Ankara, həm Bakı üçün bu proses yeni bazarlar, artan sərmayə axını və regionda iqtisadi-siyasi çəkisinin möhkəmlənməsi deməkdir. (Yeniçağ.az)



