“Nestle”nin uşaq qidalarında uyğunsuzluq aşkarlandı


“Nestle” şirkətinin uyğunsuzluq aşkarlanan uşaq qidaları Azərbaycana idxal edilməyib.

AFN.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Bildirilib ki, ölkədə qida təhlükəsizliyinin təmin olunması, mövcud və potensial risklərin vaxtında müəyyənləşdirilməsi məqsədilə AQTA tərəfindən mütəmadi tədbirlər həyata keçirilir. Eyni zamanda idxal olunan qida məhsulları ilə bağlı yarana biləcək risklərin qiymətləndirilməsi üçün dünyada baş verən hadisələr gündəlik əsasda sistemli şəkildə təhlil edilir.

Məlumata görə, “Nestle” şirkəti tərəfindən körpə və erkən yaşlı uşaqlar üçün nəzərdə tutulmuş bəzi qida məhsulları ilə bağlı ehtiyat tədbiri xarakterli geriçağırma qərarı qəbul edilib. Avstriya, Danimarka, Finlandiya, Almaniya, İrlandiya, İtaliya, İsveçrə və Birləşmiş Krallıq ərazilərində “SMA”, “BEBA”, “ALFAMINO”, “Pre NAN” və digər ticarət nişanları altında istehsal olunan məhsulların müəyyən partiyaları dövriyyədən geri çağrılıb.

Geri çağırılmaya səbəb kimi istehsal prosesi zamanı məhsulların “Bacillus cereus” bakteriyası mənşəli “Sereulid” toksini ilə çirklənmə ehtimalı göstərilib.

AQTA-nın açıqlamasına əsasən, hazırkı məlumata görə geri çağrılmış 123 məhsul partiyasının heç biri Azərbaycan Respublikasının ərazisinə idxal edilməyib.

Ehtiyat tədbiri olaraq “Nestle” şirkəti tərəfindən istehsal edilən və hazırda ölkə ərazisində satışda olan digər məhsul partiyalarından nümunələr götürülərək müvafiq göstəricilər üzrə laborator müayinələrə cəlb edilib. Müayinələrin nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcəyi bildirilib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu