Şotlandiyada minlərlə dəniz ulduzu müəmmalı şəkildə sahilə çıxıb
Şotlandiyanın paytaxtı Edinburqdakı Vordi körfəzində minlərlə dəniz ulduzunun sahilə çıxdığı müşahidə olunub. Granton bölgəsində səhər saatlarında üzməyə gedən sakinlər sahildə çoxlu sayda dəniz canlısı ilə qarşılaşıblar.
Dəniz bioloqları hadisənin dəqiq səbəbinin araşdırılmalı olduğunu bildirir, lakin fırtınalı hava şəraiti və temperaturun qəfil dəyişməsinin bu cür kütləvi sahilə çıxmalara səbəb ola biləcəyini qeyd edirlər.
Məlumata görə, güclü fırtınalar dəniz ulduzlarını dəniz dibindən qopararaq sahilə sürükləyir və açıqda qalan canlılar məhv olur.
Oxşar hadisələr ötən ilin sentyabrında Kirkoldi sahilində, dekabrda isə İngiltərənin Kent bölgəsindəki Marqeyt sahillərində qeydə alınmışdı.
Bölgədə beş ildir yaşayan yerli sakinlərdən biri bu halın daha əvvəl cəmi bir dəfə baş verdiyini və adi bir mənzərə olmadığını vurğulayıb.
Obandakı Şotlandiya Dəniz Elmləri Assosiasiyasından (SAMS) dəniz bioloqu doktor Alasdair O’Dell belə hallarda nəzərə alınmalı çoxlu amillərin olduğunu bildirib. O’Dell qeyd edib ki, ətraflı araşdırma aparılmadan dəqiq səbəbi müəyyən etmək mümkün deyil, lakin fırtınalı hava və son dövrdə temperaturun qəfil dəyişməsi bu vəziyyətə təsir göstərmiş ola bilər.


