Evindən 100-dən çox insan kəlləsi tapılan şübhəli həbs olundu
Pensilvaniya ştatında tarixi bir qəbiristanlığa edilən hücumlarla bağlı aparılan istintaqda 34 yaşlı Conatan Qerlaçın evində qorxu filmindən səhnələri xatırladan mənzərə ilə qarşılaşılıb. Rəsmi şəxslər bildiriblər ki, şübhəli şəxsin zirzəmisində 100-dən çox insan kəlləsi və çoxsaylı sümüklər tapılıb.
Delaver bölgə prokuroru Tanner Rouz cümə axşamı keçirdiyi mətbuat konfransında detektivlərin Qerlaçın Efratadakı evində apardıqları axtarış zamanı gördükləri mənzərəni bir qorxu filminin canlanması kimi təsvir edib.
Zirzəmidə tapılan qalıqlar arasında 100-dən çox kəllə, mumiyalanmış əllər və ayaqlar, çürüməkdə olan iki insan cəsədi və körpələrə aid sümüklər olub. Bəzi sümüklərin rəflərdə sərgiləndiyi, bəzilərinin isə tavandan asıldığı bildirilib.
Qerlaç Filadelfiya ilə Yidon sərhədində yerləşən tarixi Maaunt Moria qəbiristanlığından əlində bir çuval ilə çıxarkən yaxalanıb. Çuvalın içindən iki kiçik uşağın mumiyalanmış qalıqları, üç kəllə və müxtəlif sümüklər tapılıb.
Şübhəli polisə verdiyi ilkin ifadədə qəbiristanlıqdan təxminən 30 dəst insan qalıqları oğurladığını etiraf edib.
Conatan Qerlaç haqqında oğurluq, cəsədə zülm, qəbir təhqiri və mülkiyyətə təcavüz daxil olmaqla 574 ittiham irəli sürülüb.
Rəsmi şəxslər bildiriblər ki, ələ keçirilmiş qalıqların bir qismi 200 yaşa malikdir, bir qismi isə hələ yaxınlarda vəfat etmiş və üzərində kardiostimulyator olan şəxslərə aiddir.
Araşdırma qrupu Qerlaçın topladığı sümükləri internetdə satıb-satmadığını və ya müəyyən bir ritual üçün istifadə edib-etmədiyini araşdırır. Qalıqların yalnız Maunt Moriadan deyil, bölgədəki digər qəbiristanlıqlardan da oğurlanmış ola biləcəyi ehtimalı üzərində dayanılır.
Şübhəli 1 milyon dollar girov qarşılığında həbsdə saxlanılır.


