“Azəriqaz” əlil ailəyə böyük məbləğdə cərimə yazdı – Məhkəmə borcu sildi
“Azəriqaz” İstehsalat Birliyi tərəfindən Sumqayıt şəhərində yaşayan bir ailəyə böyük məbləğdə cərimə yazılıb.
AFN.az Yurd.Media-ya istinadən xəbər verir ki, “Azəriqaz” Sumqayıt şəhəri, “Metallurq” küçəsi, 508 nömrəli fərdi evdə yaşayan Babaşovlar ailəsinə 1767 manat borc müəyyən edib.
Bu borcun silinməsi üçün Babaşovlar ailəsi Sumqayıt Şəhər Məhkəməsinə müraciət edib və “Azəriqaz”ı cavabdeh kimi göstəriblər.
Ev sahibi Əlizaman Babaşovun həyat yoldaşı qeyd edib ki, 1-ci qrup əlil əri Babaşov Əlzaman Ağasəlim oğlu və 1-ci qrup əlil oğlu Babaşov Rahib Əlizaman oğlu ilə birlikdə yaşayıb.
Onun bildirdiyinə görə, əri ötən il yanvarın 11-də vəfat etdikdən sonra oğlu ilə birlikdə həmin ünvanda yaşamağa davam edib.
“Evin bütün kommunal xətləri ərimin adına qeydiyyata alınıb. Ərim vəfat etdikdən sonra kommunal xətləri öz adıma keçirmək üçün “Azəriqaz”a müraciət etdim. Lakin abonent kodu üzrə 1767 manat borc məbləğinin olduğu qeyd olundu” – deyə şikayətçi bildirib.
Şikayətçi qadının sözlərinə görə, “Azəriqaz” tərəfindən yaşadıqları fərdi evdə sayğacdan kənar əlavə xətlə təbii qazdan qeyri-qanuni istifadə edilməsi müəyyən edilib.
“Lakin həmin akt gözdən əlil ərim tərəfindən imzalanmayıb. Sayğacdan kənar əlavə xətt vəfat etmiş ərim tərəfindən çəkilməyib. Onun bundan xəbəri olmayıb. O, həmin aktı imzalamaqdan da imtina edib”.
Qadın bildirib ki, ərinin vəfatından sonra bütün kommunal ödənişləri özü həyata keçirib və həmin borc məbləğindən xəbəri olmayıb.
“Əlil oğluma təkbaşına baxıram və əlavə gəlir mənbələrim yoxdur”, – deyə o vurğulayıb.
Qadın kommunal xərclərini hər zaman vaxtında ödədiyini deyib.
Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsi ilə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” qaz sərfiyyatına görə əsassız hesablanmış borc silinib.
Bu qərardan cavabdeh tərəf apellyasiya şikayəti versə də, Sumqayıt Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.





