Bir hakim müttəhimə son söz vermədi, digəri hökmü ləğv etdi
Azərbaycanda 6 il 6 ay həbs edilən qadının hökmü ləğv edilib.
“Qafqazinfo”nun məlumatına görə, qərar Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən qəbul olunub.
Bir neçə nəfərə yalan vəd verməklə külli miqdarda dələduzluqda ittiham olunan Gülpər Bəşirzadənin cinayət işi Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Nahid Mirzəyevin sədrliyi ilə araşdırılıb.
Məhkəmə istintaqı bitdikdən sonra ittiham və müdafiə tərəfi çıxış etsə də, təqsirləndirilən şəxs son sözə hazır olmadığı üçün vaxt istəyib. Lakin hakim bunu müttəhimin prosesi uzatması və son söz deməkdən imtinası kimi qəbul edərək müşavirəyə yollanıb. Bir neçə dəqiqə sonra elan edilmiş hökmlə Gülpər 6 il 6 ay azadlıqdan məhrum edilib.
Təqsirləndirilən şəxsin vəkilinin şikayəti apellyasiya məhkəməsi tərəfindən əsaslı hesab olunub.
Hakim Ruhiyyə Əsgərova qanunvericiliyə istinad edərək belə qənaətə gəlib ki, həmkarının təqsirləndirilən şəxsin son söz hüququnu pozması qanun pozuntusudur.
Yeni qərarda qeyd olunub ki, təqsirləndirilən şəxsin son sözü araşdırmanın nəticəsinə münasibət bildirmək hüququnu ehtiva edir və vaxt məhdudiyyəti ilə məhdudlaşdırıla bilməz. Lakin bu işdə hüquq təmin edilməyib, nəticədə qanunvericilik tələbləri pozulub.
Qeyd olunanlara əsasən əvvəlki hökm tamamilə ləğv edilib. İş yenidən baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Hökm ləğv edildiyindən, xanım müttəhim barəsində yenidən həbs qətimkan tədbiri seçilib.




