Bakı Apellyasiya Məhkəməsi Eldar Həsənovla bağlı qərarı qüvvədə saxladı
Bakı Apellyasiya Məhkəməsində sabiq səfir Eldar Həsənovun şikayəti ilə bağlı qərar qəbul olunub.
Bu gün hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə elan olunan qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin hökmü qüvvədə saxlanılıb.
Xatırladaq ki, Eldar Həsənov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən xüsusi əməliyyatla həbs edilib.
Sabiq səfir, Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israfetmə, külli miqdarda törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, külli miqdarda törədildikdə) 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) 308-1.1 (Dövlət büdcəsinin vəsaitindən təyinatı üzrə istifadə etməmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunub.
E.Həsənov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib. Hökmə əsasən, təqsirləndirilən şəxsin üzərinə həbs qoyulmuş əmlakları da müsadirə olunub. (APA)