Tailandda eyni gündə həm parlament seçkiləri, həm də yeni konstitusiya üçün referendum keçirilir


Bu gün Tailandda krallığın gələcək siyasi kursunu müəyyən edəcək növbədənkənar parlament seçkiləri və eyni zamanda yeni konstitusiyanın hazırlanması ilə bağlı ümumxalq referendumu keçirilir.

AFN.az xəbər verir ki, səsvermə yerli vaxtla saat 08:00-da başlayıb və 17:00-da başa çatacaq.

Krallığın 71 milyon sakininin 52,9 milyonu səsvermə hüququna malikdir. Seçicilər aşağı palatanın 500 üzvünü seçməklə yanaşı, həm də 2017-ci ildə hərbi idarəçilik dövründə qəbul edilmiş mövcud konstitusiyanın yenisi ilə əvəz olunub-olunmamasına dair qərar verirlər. Ölkə boyu açılan 99,5 min seçki məntəqəsində asayişi 126 mindən çox polis əməkdaşı qoruyur.

Seçkilərdə 57 siyasi partiya iştirak edir. Sorğulara əsasən, əsas mübarizə islahatçı Xalq Partiyası, mühafizəkar "Phumjaithai" və populist "Pheu Thai" partiyaları arasında gedir. Xalq Partiyası 33,5 faiz səslə favorit göstərilsə də, heç bir partiyanın təkbaşına mütləq çoxluq qazana bilməyəcəyi proqnozlaşdırılır.

Tailandda siyasi böhran 2023-cü il seçkilərindən bəri davam edir. Öncə qalib gələn partiya məhkəmə tərəfindən buraxılıb, ardınca gələn baş nazirlər isə ard-arda vəzifədən kənarlaşdırılıblar. Hazırkı seçkilər və referendum ölkədəki siyasi qeyri-müəyyənliyə son qoymaq və xalqın mandatı ilə yeni idarəçilik sisteminə keçid məqsədi daşıyır.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu