Suriyada sel fəlakəti: İdlibdə 14 qaçqın düşərgəsi su altında qalıb
Suriyanın şimal-qərbində günlərlə davam edən şiddətli yağışlar İdlib əyalətində genişmiqyaslı daşqınlara səbəb olub.
AFN.az xəbər verir ki, bu barədə məlumatı ölkənin mülki müdafiə xidmətinə istinadən "North Press" agentliyi yayıb.
Məlumata görə, təbii fəlakət nəticəsində məcburi köçkünlərin məskunlaşdığı ən azı 14 düşərgə tamamilə su altında qalıb. Daşqınlar xüsusilə Xirbət əl-Couz bölgəsində, mövsümi çay yataqlarının yaxınlığında yerləşən düşərgələrə ciddi ziyan vurub. Sel suları çadırları yuyub aparıb, insanların şəxsi əşyaları məhv olub. Hazırda 500-ə yaxın ailə təhlükə altındadır.
Yerli hakimiyyət orqanları zərərçəkənlərin xilas edilməsi üçün genişmiqyaslı əməliyyat həyata keçirir. Evsiz qalan qaçqınlar təxliyə edilərək şəhər və kəndlərdəki məktəblərdə yerləşdirilir. Vəziyyətin ağırlığı nəzərə alınaraq, qonşu əyalətlərdən İdlibə əlavə mülki müdafiə dəstələri və mobil tibbi məntəqələr göndərilib.
"Asharq Al-Awsat" qəzetinin verdiyi məlumatına görə, hazırda Suriyanın şimal-qərbində 1 milyona yaxın məcburi köçkün yaşayır. Onlar ümumilikdə 1150 düşərgədə məskunlaşıblar ki, bunun da böyük hissəsi (801 düşərgə) İdlibın kənd rayonlarının, qalanı isə Hələb ətrafının payına düşür. Yağıntılı hava şəraitinin davam etməsi digər düşərgələrdə də vəziyyəti kritikləşdirir.



