DİM ingilis dili imtahanlarına qeydiyyat elan etdi
Dövlət İmtahan Mərkəzi (DİM) məktəblilər üçün beynəlxalq ingilis dili kvalifikasiyaları olan “A2 Key/A2 Key for schools” və “B1 Preliminary/ B1 Preliminary for schools” imtahanlarına qeydiyyat elan edir.
Məlumata görə, imtahan aprelin 18-də DİM-in Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, 50 ünvanında yerləşən binasında təşkil olunacaq. İmtahanda iştirak etmək üçün son qeydiyyat tarixi 13 martdır.
İmtahanların strukturu və müddəti
Hər iki imtahan namizədlərin dörd əsas dil bacarığını yoxlayır. “B1 Preliminary” orta səviyyəli dil bacarıqlarını, “A2 Key” isə sadə vəziyyətlərdə ünsiyyət qurmaq qabiliyyətini ölçür:
| Bölmələr | B1 Preliminary (Müddət) | A2 Key (Müddət) |
|---|---|---|
| Oxu (Reading) | 45 dəqiqə | 1 saat (Birlikdə) |
| Yazı (Writing) | 45 dəqiqə | |
| Dinləmə (Listening) | 35 dəqiqə | 30 dəqiqə |
| Danışıq (Speaking) | 14 dəqiqə (cüt şəkildə) | 12 dəqiqə (cüt şəkildə) |
İmtahanın oxu, yazı və dinləmə bölmələri kompüter vasitəsilə, danışıq bloku isə əyani formada mütəxəssislər tərəfindən götürülür. Nəticələr 2 həftə sonra elektron qaydada elan olunacaq.
Namizədlər üçün vacib qeydlər
İmtahan günü namizədlər mütləq şəkildə şəkilli şəxsiyyət vəsiqəsini və “Confirmation of Entry” (CoE) sənədini özləri ilə gətirməlidirlər. İmtahan otağına yalnız şəxsiyyət vəsiqəsi, su, pozan, karandaşyonan və sadə karandaş (göy qələm qadağandır) keçirməyə icazə verilir.




