ABŞ-ın lisenziyası bu şəxslərlə tranzaksiyaları qadağan edir
ABŞ Maliyyə Nazirliyinin Venesuela nefti ilə əməliyyatlara icazə verən yeni lisenziyası Rusiya, İran, Şimali Koreya və Kuba ilə əlaqəli şəxslərlə hər hansı maliyyə əməliyyatının aparılmasını qəti şəkildə qadağan edir.
AFN.az xəbər verir ki, bu barədə məlumat nazirliyin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) tərəfindən dərc olunan sənədin mətnində yer alıb.
Sənəddə qeyd olunur ki, sözügedən lisenziya Rusiya Federasiyası, İran İslam Respublikası, Şimali Koreya və Kuba ərazisində olan, bu ölkələrin qanunvericiliyinə uyğun yaradılan şəxslərlə, habelə birbaşa və ya dolayısı ilə onlara məxsus olan müəssisələrlə hər hansı tranzaksiyaya icazə vermir. Qadağa həmçinin bu şəxslərin nəzarətində olan qurumları və onlarla yaradılan birgə müəssisələri də əhatə edir.
Bundan əlavə, sənəddə Çin tərəfi ilə bağlı da məhdudiyyətlər yer alıb; belə ki, birbaşa və ya dolayısı ilə Çin şəxslərinə məxsus olan və ya onların nəzarətində olan Venesuela və ABŞ hüquqi şəxsləri ilə də tranzaksiyaların aparılması qadağan edilib.

