Kolumbiya prezidentinə sui-qəsd hazırlanıbmış: özü açıqladı



Kolumbiya Prezidenti Qustavo Petro fevralın 11-də hökumətin iclasında çıxış edərək, içərisində olduğu helikopterin marşrutunu sui-qəsd təhlükəsi səbəbindən dəyişmək məcburiyyətində qaldığını bildirib.

AFN.az xəbər verir ki, dövlət başçısının sözlərinə görə, hadisə Kordova departamentindəki daşqınlarla bağlı bölgəyə səfər edərkən baş verib.

Petro qeyd edib ki, helikopterin eniş etməli olduğu yerdə ona atəş açılacağına dair kəşfiyyat məlumatı daxil olub. "Mən enməli olduğum yerdə enmədim, çünki övladlarımın da olduğu helikopterin atəşə tutulacağından ehtiyat edirdik. Onlar hətta mənim enməli olduğum yerin işıqlarını belə yandırmamışdılar" – deyə prezident vurğulayıb. Ölümdən qaçdığını bildirən dövlət başçısı helikopterin təhlükəsizlik məqsədilə dörd saat ərzində açıq dəniz üzərində uçduğunu və sonda planlaşdırılmayan təhlükəsiz bir nöqtəyə endiyini deyib.

Prezident bu sui-qəsd planını ölkədə fəaliyyət göstərən "yeni narkotrafik kartelləri" ilə əlaqələndirib. Hadisə Kolumbiyada may ayına planlaşdırılan prezident seçkiləri ərəfəsində zorakılıq hallarının artması fonunda baş verib. Xatırladaq ki, Petro 2022-ci ildə vəzifəsinin icrasına başladığı gündən bəri narkokartellərin və müxtəlif silahlı qruplaşmaların hədəfində olduğunu dəfələrlə bəyan edib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu