Almaniya ordusu 536 milyon avroluq kamikadze dron sifarişi verməyə hazırlaşır
Almaniya Müdafiə Nazirliyi müasir döyüş meydanının dəyişən tələblərinə uyğun olaraq, Almaniya Silahlı Qüvvələrinin (Bundesver) ağır silah arsenalını müasirləşdirmək qərarına gəlib. Bu çərçivədə 536 milyon avro dəyərində kamikadze dron sifarişinin verilməsi planlaşdırılır.
"Spiegel" jurnalının məlumatına görə, Almaniya hökuməti süni intellekt dəstəyi ilə hədəfi izləyən və məhv edən minlərlə kamikadze dronun tədarükü üçün hərəkətə keçib. Nazirlik ümumi dəyəri 536 milyon avroya çatan sifariş paketini Bundestaqın Büdcə Komissiyasının təsdiqinə təqdim etməyə hazırlaşır.
İki ayrı satınalma təklifi çərçivəsində Almaniya istehsalçıları "Helsing" və "Stark Defence" tərəfindən hazırlanmış kamikadze dronların tədarükü nəzərdə tutulur. Sənədlərdə bu sistemlər hədəf bölgəsində patrul xidməti aparan idarəolunan raketlər kimi xarakterizə olunur.
Tədarük ediləcək sistemlərin texniki xüsusiyyətləri diqqət çəkir: Stark Defence Virtus modeli 80 santimetr qalınlığındakı tank zirehini dəlmək qabiliyyətinə malikdir. Helsing HX-2 isə daha çevik əməliyyatlar üçün hazırlanıb. Hər iki sistem hədəflərini müəyyən etmək üçün qabaqcıl süni intellekt alqoritmlərindən istifadə edir.
Bu yeni sifarişlə Bundesver ilk dəfə partlayıcı başlıq daşıyan kamikadze dronlarını genişmiqyaslı hücum elementi kimi arsenalına daxil edəcək. Yeni PUA-ların Almaniyanın NATO çərçivəsində Litvada yerləşdirməyə başladığı 45-ci Zirehli Briqadanın tərkibində xidmət etməsi gözlənilir.
Son dövrlərdəki qlobal münaqişələrdə dronların konvensional silahlara nisbətən daha az maliyyətli və yüksək vuruş gücünə malik olması bu strateji dönüşün əsas səbəbi kimi göstərilir.


