S.Bəhlulzadə adına XDTG-də təhlükəsizlik məsələləri mühafizə polisi ilə müzakirə edilib
Səttar Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziyada DİN Baş Mühafizə İdarəsinin Suraxanı rayonu üzrə şöbəsinin əməkdaşları ilə görüş keçirilib.
AFN.az xəbər verir ki, görüşdə şagird və müəllim heyətinin təhlükəsizliyinin qorunması məsələləri müzakirə edilib. Görüş zamanı asosial şagirdlərlə psixoloji işin təşkili məsələsi xüsusilə vurğulanıb. Qeyd olunub ki, məktəbin pedaqoji heyəti: məktəb rəhbərliyi, fənn müəllimləri, sinif rəhbərləri və psixoloqlar risk qrupuna daxil olan ailələrin məktəbyaşlı fərdlərinə xüsusi həssaslıqla yanaşır, onların təlim-tərbiyə işlərinə diqqət edirlər.
Görüşdə həmçinin təhlükəsizliyin təmin olunması, hüquq pozuntularının qarşısının alınması, təhsilalanlar arasında nizam-intizam qaydalarının möhkəmləndirilməsi, eləcə də müəllimlərin hüquq və vəzifələri barədə geniş müzakirələr aparılıb. Eyni zamanda aktual mövzular ətrafında fikir mübadiləsi aparılaraq, pedaqoji heyəti maraqlandıran suallar cavablandırılıb.
“Məktəb-polis” əməkdaşlığının gücləndirilməsi və təhsil mühitində sağlam, təhlükəsiz atmosferin formalaşdırılması məqsədi ilə keçirilən görüşdə Suraxanı RPİ- nin YYÇ PİTB-nin rəisi polis polkovnik-leytenantı Əfqan Ağayev, həmin bölmənin baş inspektoru polis mayoru Emin Məmmədov, inspektorlar polis polkovnik-leytenantı Əli Abbasov və polis kapitanı İlahə Balayeva, gimnaziyanın direktoru Xəyalə Veyisova və pedaqoji heyət üzvləri iştirak edib.
Qeyd edək ki, S.Bəhlulzadə adına XDTG-nin binası mühafizə polisi tərəfindən qorunur.

