İcra nümayəndəsinə qarşı 70 000 manatlıq dələduzluq
Mingəçevir Şəhər İcra Hakimiyyəti Başçısının 2 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Nəriman İsmayılov dələduzluqla üzləşib.
AFN.az Qaynarinfo-ya istinadən xəbər verir ki, Nəriman İsmayılovun əvvəldən tanıdığı şəxslərdən biri Mingəçevir şəhəri, N.Rəfibəyli küçəsində yerləşən 0,07 ha torpaq sahəsini ona satacağı barədə vəd verib. Bunun müqabilində isə icra nümayəndəsindən 70 000 manat pul alıb.
Lakin həmin şəxs vədini yerinə yetirməyib və onun başqa bir neçə nəfərə qarşı da dələduzluq etdiyi bildirilir. Şikayətlər əsasında saxlanılan şəxs barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanıb və barəsində həbs qətimkan tədbiri seçilib.
Cinayət işinə Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Rafail Əliyevin sədrliyi ilə baxılıb. Müttəhim məhkəmə zamanı özünü qismən təqsirli bilsə də, Nəriman İsmayılova qarşı epizodu qəbul etməyib. O, icra nümayəndəsinin "böyük məmur" qohumu tərəfindən şikayətçi olmağa məcbur edildiyini iddia edib.
Mediada gedən məlumatlara görə, Nəriman İsmayılov Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun yaxın qohumudur. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 6 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.



