Rüşvətə görə həbs edilmiş icra başçısının adamı azadlığa buraxıdlı
Dələduzluqda, vəzifə saxtakarlığında təqsirləndirilən məmur növbəti dəfə hakim qarşısına çıxarılıb.
Musavat.com xəbər verir ki, Ağaqədir Osmanovun cinayət işi üzrə məhkəmə iclasına Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.
Hakim Mirzə Xankişiyevin sədrliyi ilə baş tutan məhkəmə prosesində hökm oxunub
Hökmə əsasən A.Osmanova şərti cəza təyin edilib və o məhkəmə zalından azadlığa buraxılıb.
Bildirək ki, Osmanov ittihamları qəbul etmədiyini, özünü təqsirli bilmədiyini deyib.
A.Osmanov qeyd edib ki, bu cinayət işini həmyerlisi Malikcan Muradov etdirib: "Çünki onun mənə qarşı pirinsipi var idi. Ona görə ki, həmin adam bir neçə il əvvəl Şamaxıda təxribatla bağlı çıxış edirdi. Mən də onun başını yarmışdım. Hələ 2013-cü ildə də təxribatlarla məşğul olurdu. Bu barədə dövlət orqanlarına da məlumat vermişdim. Sonra Məlikcan mənim haqqımda bu işə əl atıb, həbs etdirdi".
A.Osmanovun sözlərinə görə, M.Muradov ölkədən qaçıb, barəsində cinayət işi başlanılıb və hazırda axtarışdadır: "Onun arvadı da falçıdır. Bildiyim qədər ilə Məlikcan hazırda Qazaxıstanda yaşayır".
Ağaqədir Osmanov həbs edilən zaman Şamaxı rayon İcra Hakimiyyəti başçısının Şəhriyar qəsəbəsi üzrə icra nümayəndəsi vəzifəsində çalışıb.
Bundan əvvəl isə o, rayonun daha bir neçə qəsəbəsində icra nümayəndəsi işləyib.
Bildirək ki, Ağaqədir Osmanov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılıb.
Osmanov Cinayət Məcəlləsinin 311.2-ci (rüşvət vermə), 178-ci (dələduzluq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham edilir.
İş üzrə 4 nəfər zərərçəkmiş var. A.Osmanov vətəndaşlara torpaq satacağı adı ilə onlara qarşı dələduzluq edib. O, 4 il əvvəl vəfat edən Gülsüm Əhmədovanın adından yeni etibarnamə əldə edərək onun torpaq sahəsini başqa şəxslərə satıb.