Madaqaskarda böyük dağıntı: 59 ölü



Madaqaskarın şərqində tüğyan edən "Gezani" tropik siklonunun səbəb olduğu dağıntılar nəticəsində həyatını itirənlərin sayı 59-a çatıb. Madaqaskar Milli Risk və Fəlakətlərin İdarə Olunması Ofisi tərəfindən verilən açıqlamada siklonun yol açdığı sel və şiddətli küləklər səbəbindən 804 nəfərin ağır yaralandığı, 15 nəfərin isə itkin düşdüyü bildirilib.

Açıqlamada qeyd olunub ki, təxminən 16 400 nəfər evlərini tərk etmək məcburiyyətində qalıb, ümumilikdə 423 986 nəfər isə təbii fəlakətdən zərər çəkib. Ölkənin beş bölgəsindəki 25 rayonda genişmiqyaslı dağıntıların baş verdiyi vurğulanıb. Minlərlə evin uçduğu və ya ciddi ziyan gördüyü, infrastruktur və kənd təsərrüfatı sahələrində də ağır təxribatların yarandığı ifadə edilib.

Rəsmi şəxslər axtarış-xilasetmə işlərinin davam etdiyini, fəlakətdən zərər çəkmiş bölgələrə qida, təmiz su və tibbi ləvazimatların çatdırılması üçün həm milli, həm də beynəlxalq yardım təşkilatlarının sahədə fəaliyyət göstərdiyini bildiriblər.

"Gezani"nin Madaqaskarı iki həftədən az müddət əvvəl vuran və 14 nəfərin ölümünə səbəb olan "Fytia" tropik siklonundan sonra ölkəyə təsir edən ikinci böyük fırtına olduğuna diqqət çəkilib. Küləyin sürətinin saatda 185 kilometri keçdiyi, buna bağlı olaraq sel və torpaq sürüşmələrinin yaşandığı qeyd edilib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu