Filippində "Trami" tropik qasırğası nəticəsində ölənlərin sayı 97-yə yüksəlib
Filippinin şimal-şərqində "Trami" qasırğasının yaratdığı fəlakətlər nəticəsində ölənlərin sayı 97-yə yüksəlib.
Filippin Xəbər Agentliyinin (PNA) xəbərinə görə, Milli Fəlakət Riskinin Azaldılması və İdarəetmə Şurası (NDRRMC) "Trami"nin təsirləri ilə bağlı açıqlama verib.
Açıqlamada "Trami" qasırğasının səbəb olduğu yağış, sel və torpaq sürüşmələri nəticəsində indiyədək 97 nəfərin öldüyü, 69 nəfərin isə yaralandığı bildirilib. Həmçinin 30 nəfərin itkin düşdüyü, axtarış-xilasetmə işlərinin davam etdiyi, fırtınadan ölkə daxilində təxminən 44 min 537 binanın zərər gördüyü, 6,7 milyon insanın zərər çəkdiyi qeyd edilib.
NDRRMC təxmin edir ki, əkin sahələrinə və infrastruktura da fırtınadan ciddi ziyan dəyib.
Hər il orta hesabla 20 tufan və qasırğanın baş verdiyi Filippində 2013-cü ildə “Haiyan” tayfunu səbəbindən 7300-dən çox insan həyatını itirib və böyük dağıntılar baş verib.