Yarıçılpaq videolarını paylaşan bloqer yeni maddə ilə cəzalandırıldı
Sosial şəbəkələrdə əxlaqsızlığı təbliğ edən bloqer məsuliyyətə cəlb edilib. AFN.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, 1995-ci il təvəllüdlü Z.Kərimovanın instaqram hesabında ictimai mənəviyyata zidd hərəkətlər etməsi müəyyən olunub.
Belə ki, onun instaqramda 150 min nəfər izləyicisi olan səhifədə videolar çəkərək bədəninin müxtəlif hissələrini nümayiş etdirməklə öz mobil nömrəsini paylaşdığı müəyyənləşib. Onun hər hansı geyimi təbliğ etmək məqsədi olmayıb. Abşeron rayonu Hökməli qəsəbəsində yerləşən evində çəkilən, 68.000 istifadəçi tərəfindən bəyənilən və əxlaq normalarına uyğun gəlməyən, əxlaqsız fikir və tələblərin yazılmasına rəvac verərək əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada davranaraq cəmiyyətə açıqcasına hörmətsizlik ehtiva edən hərəkətlər xırda xuliqanlıq hesab olunub.
Faktla bağlı olaraq Abşeron RPİ tərəfindən Z.Kərimova barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci maddəsinə əsasən protokol tərtib edilib. O, izahatında bildirib ki, qadın cazibəsini nümayiş etdirmək məqsədilə bu kimi videolar çəkərək paylaşıb.
Abşeron Rayon Məhkəməsinin qərarı ilə bloqer 750 manat cərimə olunub. Qeyd edək ki, 510.2-ci maddə İnzibati Xətalar Məcəlləsinə bu ilin 26 yanvar tarixindən daxil edilib.


