Strateji əhəmiyyətə malik investisiyalar dövlət tərəfindən alınacaq
İnvestisiyanın dövlət tərəfindən alınması ilə bağlı qanunvericiliyə mühüm dəyişiklik edilir.
AFN.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə qərar Milli Məclisin bu gün keçirilən iclasında “İnvestisiya fəaliyyəti haqqında” Qanuna təklif olunan dəyişikliyin müzakirəsi zamanı qəbul edilib.
Qüvvədə olan qanuna görə, investisiyalar dövlət tərəfindən yalnız iki halda – dövlət ehtiyacları və rekviziya (təbii fəlakət, epidemiya və s.) məqsədilə alına bilərdi. Yeni dəyişikliklə bura strateji əhəmiyyətə malik investisiyalarla bağlı daha bir müstəsna hal əlavə edilib.
Təklif olunan yenilik strateji əhəmiyyətə malik investisiyaların dövlətin və xalqın mənafelərinə zərər vurduğu və ya milli maraqlara zidd olduğu hallarda dövlət tərəfindən alınmasını nəzərdə tutur. Belə hallarda investisiyaların alınması ümumi qaydada, yəni investorlara müvafiq kompensasiya ödənilməklə həyata keçiriləcək.
Məlumata görə, strateji əhəmiyyətli investisiyaların bu məqsədlə dövlət tərəfindən alınması konkret qanunlarla tənzimlənəcək. Qanun layihəsi müzakirələrdən sonra üçüncü oxunuşda qəbul edilib.





