Klaviaturaya ağırlıq qoyub evdən işləyirmiş kimi davranan polis işdən çıxarıldı
İngiltərədə bir polis məmuru evdən işlədiyi müddətdə kompüterinin "yuxu rejiminə" keçməsinin qarşısını almaq üçün klaviatura düymələrinin üzərinə foto çərçivə qoyaraq işləyirmiş təəssüratı yaratdığı üçün daxili işlər orqanlarından ixrac edilib.
AFN.az xəbər verir ki, "Avon və Somerset" polis bölməsində işləyən və şəxsiyyəti "Sergeant X" (Çavuş X) olaraq gizli saxlanılan məmurun fəaliyyətinə Bristol yaxınlığındakı Portished şəhərində keçirilən intizam şurasının qərarı ilə son qoyulub. Şuranın qərarına əsasən, həmin şəxs polislikdən və digər hüquq-mühafizə orqanlarında işləmək hüququndan ömürlük məhrum edilib.
Məlumata görə, polis idarəsinin peşəkar standartlar departamenti tərəfindən aparılan məlumat araşdırması zamanı "Sergeant X"-in kompüterindəki düymə sıxma sayının 2024-cü ildə anormal dərəcədə yüksək olduğu müəyyən edilib. 2024-cü ilin iyununda başlayan təhqiqat çərçivəsində məmurun 2025-ci ilin aprel və may aylarındakı iş saatlarında düymə vuruşu sayının həmkarları ilə müqayisədə 3-8 dəfə çox olduğu üzə çıxıb.
İfadəsi zamanı ittihamları qəbul edən məmur şəxsi həyatında çətinliklər yaşadığı bir dövrdə kompüterin sönməsinin qarşısını almaq üçün klaviaturanın küncünə foto çərçivə yerləşdirdiyini etiraf edib. İntizam şurasının sədri Kreyq Holden məmurun bu hərəkətinin ağır qüsur olduğuna qərar verib.
Peşəkar Standartlar Departamentinin rəhbəri Larisa Hant isə məsələ ilə bağlı bildirib ki, bir məmurun işləyirmiş kimi görünmək üçün özünə olan etimaddan sui-istifadə etməsi qəbulolunmazdır. Onun sözlərinə görə, bu növ davranışlar həm polis sisteminə kölgə salır, həm də xalqın inamını sarsıdır.
"Sergeant X" rəisinin onu işdən çıxarmaq üçün təzyiq göstərdiyini iddia etsə də, şura bu iddianı təsdiqləyən heç bir sübut tapılmadığını qeyd edib. Nəticədə, məmurun hiyləgər şəkildə fəaliyyət göstərdiyi rəsmən təsdiqini tapıb.





