KİV: Tehranın elit rayonlarda partlayışlar baş verib
Tehranın şimalında yerləşən və şəhərin ən nüfuzlu bölgələrindən sayılan Elahiyə və Zəfəranıyə rayonlarında bir neçə güclü partlayış qeydə alınıb.
AFN.az "Al Hadath" telekanalına istinadən xəbər verir ki, hava zərbələri həmçinin paytaxtın digər bir şimal rayonu olan Vələncaka da endirilib.
Hazırda rəsmi tərəflər hücumun hədəfləri və dəymiş ziyan barədə dəqiq məlumat verməsələr də, yerli sakinlər partlayış dalğasının bəzi binalarda titrəyişlərə səbəb olduğunu bildirirlər. Bu hadisə regionda, xüsusilə ABŞ və İsrailin İrana qarşı davam edən hərbi əməliyyatları fonunda gərginliyin yeni bir dalğası kimi qiymətləndirilir.
Qeyd edək ki, martın əvvəlindən bəri Tehranın müxtəlif hərbi və strateji obyektləri, o cümlədən SEPAH-ın qərargahları və ballistik raket anbarları mütəmadi olaraq hava zərbələrinə məruz qalıb. Növbəti hücumların paytaxtın mülki və elit məskunlaşma zonalarına yaxın ərazilərdə baş verməsi vəziyyətin daha da kritikləşdiyindən xəbər verir.

