Pakistan ABŞ-ın raket ittihamlarını rədd etdi



Pakistan Xarici İşlər Nazirliyinin sözçüsü Tahir Hüseyn Andrabi ölkəsinin raket proqramının ABŞ-a təhdid yaratması barədə səsləndirilən iddiaları qətiyyətlə rədd edib.

AFN.az xəbər verir ki, Pakistanın "Geo News" kanalının məlumatına görə, Andrabi ABŞ Milli Kəşfiyyat Direktoru (DNI) Tulsi Qabbardın Senatda etdiyi çıxışındakı fikirlərə münasibət bildirib. Andrabi vurğulayıb ki, Pakistanın strateji potensialı tamamilə müdafiə xarakterlidir və yalnız milli suverenliyin qorunmasına, habelə regionda sülh və sabitliyin təmin edilməsinə xidmət edir.

O, Pakistanın raket proqramının hələ qitələrarası mənzilə (ICBM) çatmadığını və əsas məqsədin Hindistana qarşı etibarlı minimum çəkindirmə doktrinasını qorumaq olduğunu ifadə edib. Sözçü həmçinin əlavə edib ki, Pakistan ABŞ ilə qarşılıqlı hörmət çərçivəsində konstruktiv münasibətlərin tərəfdarıdır.

Xatırladaq ki, ABŞ Senatının Kəşfiyyat Komitəsində keçirilən "Dünya Üzrə Təhdidlər" sessiyasında çıxış edən Tulsi Qabbard Rusiya, Çin, Şimali Koreya və İranla yanaşı, Pakistanın da ABŞ-ı hədəf ala biləcək nüvə sistemləri üzərində işlədiyini iddia etmişdi. Qabbard bildirmişdi ki, "Pakistanın uzaqmənzilli ballistik raket hazırlama işləri, Amerika qitəsini vura biləcək qitələrarası ballistik raketləri də əhatə edə bilər".

DNI rəhbəri həmçinin qeyd etmişdi ki, 2035-ci ilə qədər ABŞ-a yönələn kollektiv raket təhdidləri hazırkı 3 min səviyyəsindən 16 minə qədər yüksələ bilər. Pakistan tərəfi isə bu qiymətləndirmələrin strateji reallıqdan uzaq olduğunu bəyan edib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu