Qırğızıstanın İrandakı səfirliyi fəaliyyətini dayandırdı
Qırğızıstanın İrandakı səfirliyi işini müvəqqəti olaraq dayandırıb.
AFN.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə Qırğızıstanın Xarici İşlər Nazirliyi rəsmi məlumat yayıb.
Nazirliyin bəyanatında qeyd olunur ki, Qırğızıstan Respublikasının İran İslam Respublikasındakı səfirliyi öz fəaliyyətini müvəqqəti olaraq dondurub. Bununla bağlı olaraq, hazırda İran ərazisində olan Qırğızıstan vətəndaşlarına yüksək ehtiyatlılıq nümayiş etdirmək, şəxsi təhlükəsizlik qaydalarına ciddi riayət etmək, insanların kütləvi toplandığı yerlərdən və potensial təhlükəli zonalardan uzaq durmaq, eləcə də yerli hakimiyyət orqanlarının tələblərini qeyd-şərtsiz yerinə yetirmək tövsiyə olunub.
Qırğızıstan XİN həmçinin həmvətənlərinə şəxsiyyəti təsdiq edən sənədləri daim üzərlərində gəzdirməyi və rəsmi məlumatları diqqətlə izləməyi məsləhət görüb.
"Nazirlik bir daha vətəndaşlarına müvəqqəti olaraq İrana səfərlərdən çəkinməyi tövsiyə edir. Fövqəladə hallar yarandıqda və ya konsul-hüquqi yardıma ehtiyac olduqda, dərhal XİN-in Konsulluq departamentinin 'qaynar xətt'inə, eləcə də Qırğızıstanın İrana qonşu olan dövlətlərdəki diplomatik nümayəndəliklərinə müraciət edilməlidir", — deyə məlumatda vurğulanır.



