Şara Starmerlə görüşdü
Londonda bir araya gələn Böyük Britaniyanın Baş naziri Kir Starmer və Suriya Prezidenti Əhməd Şara ikitərəfli münasibətləri, Suriyadakı prosesləri, Yaxın Şərqdəki gərginliyi və Hörmüz boğazının əhəmiyyətini müzakirə ediblər.
AFN.az xəbər verir ki, Britaniya Baş nazirinin ofisindən verilən məlumata görə, iki lider bu səhər Londonda görüşərək bölgədəki son vəziyyəti dəyərləndiriblər.
Görüşün hər iki ölkə üçün tarixi əhəmiyyət daşıdığı qeyd edilən bəyanatda Şara və Starmerin Yaxın Şərqdə davam edən münaqişələri nəzərdən keçirdikləri, regional sabitliyin bərpası və gərginliyi daha da artıracaq addımlardan qaçmağın vacibliyini vurğuladıqları bildirilib. Hörmüz boğazının bağlı qalmasının ciddi iqtisadi fəsadlara yol açacağına diqqət çəkən tərəflər, boğazın etibarlı bir planla yenidən açılması və naviqasiya azadlığının təmin edilməsi üçün birgə fəaliyyətin önəmini qeyd ediblər.
Baş nazir Starmer Suriya hökumətinin İŞİD-ə qarşı atdığı addımlardan, terrorla mübarizə fəaliyyətlərindən və Londonla əməkdaşlıq təşəbbüslərindən məmnunluğunu ifadə edib. Starmer həmçinin miqrasiya, geri dönüşlərin təmin edilməsi üçün sıx əməkdaşlıq, sərhəd təhlükəsizliyi və insan qaçaqmalçılığı ilə mübarizədə daha böyük irəliləyişlərə ümid etdiyini vurğulayıb.
Suriyanın iqtisadi transformasiyası üçün infrastrukturun yenidən qurulmasının vacibliyinə toxunan liderlər Britaniya iş dünyasının bu sahəyə necə töhfə verə biləcəyini və hansı imkanlardan yararlanacağını da müzakirə ediblər.
