AMB bu bankların vəzifəli şəxslərini cəzalandırdı
Azərbaycan Mərkəzi Bankı (AMB) "Xalq Bank" ASC və "Yapı Kredi Bank Azərbaycan" QSC-nin vəzifəli şəxslərini inzibati məsuliyyətə cəlb edib.
Bu barədə AMB-nin yaydığı məlumatda bildirilir. Qeyd edilir ki, hər iki bankda "Banklar və xarici bankların yerli filialları tərəfindən tərtib edilən prudensial hesabatların forması, məzmunu və təqdim edilməsi Qaydası"nın tələbləri pozulub.
Nəticədə "Banklar haqqında" qanunun 47-ci maddəsinin tələbləri rəhbər tutularaq, İnzibati Xətalar Məcəlləsinin 439.2-ci maddəsinə əsasən bankların vəzifəli şəxslərinin hər biri 1,5 min manat cərimə edilib.
AMB-nin bəyanatında həmçinin vurğulanıb: "Hesabatlıq forması üzrə pozuntular bankların maliyyə dayanıqlılığına təhdid yaratmır".



