Maduronun həbsinə mərc edən ABŞ hərbçisi həbs olundu
Nikolas Maduronun ələ keçirildiyi hərbi əməliyyatda iştirak edən ABŞ xüsusi təyinatlısı əməliyyat məlumatları ictimaiyyətə açıqlanmazdan əvvəl onlardan mərc etmək üçün istifadə etdiyi əsası ilə həbs edilib.
AFN.az xəbər verir ki, ABŞ Ədliyyə Nazirliyi (DOJ) Qannon Ken Van Daykı məxfi məlumatlardan istifadə edərək kriptovalyuta əsaslı proqnoz platforması "Polymarket" vasitəsilə qanunsuz qazanc əldə etməkdə ittiham edib.
Şimali Karolinadakı "Fort Bragg" bazasında xidmət edən hərbçi Van Daykın əməliyyatla bağlı məxfi məlumatlara əsaslanaraq etdiyi mərclər nəticəsində 409 min dollardan çox qazanc əldə etdiyi bildirilib.
Ədliyyə Nazirliyi rəsmiləri bu vəziyyətin insayder ticarəti sahəsinə daxil olduğunu və federal qanunlara görə cinayət hesab edildiyini vurğulayıblar.
Xatırladaq ki, Maduro və həyat yoldaşı Siliya Flores 3 yanvar gecəsi Karakasdakı iqamətgahlarına təşkil edilən "Qətiyyətli Qərar Əməliyyatı" ilə yaxalanaraq narkotik və silah qaçaqmalçılığı ittihamları ilə Nyu-Yorka gətirilmişdilər.
İttihamnaməyə görə, Van Dayk 26 dekabr 2025-ci il tarixində hesab açaraq əməliyyatın vaxtı və nəticəsi ilə bağlı 33 min dollardan çox mərc qoyub.
"Polymarket" rəhbərliyi məxfi dövlət məlumatlarından istifadə edən istifadəçi aşkar etdikdə bu barədə Ədliyyə Nazirliyinə məlumat verdiklərini və istintaqla əməkdaşlıq etdiklərini açıqlayıb.
ABŞ Baş prokurorunun müavini Todd Blanş isə mövzu ilə bağlı verdiyi bəyanatda hərbi personala tapşırıqların təhlükəsiz yerinə yetirilməsi üçün məxfi məlumatların əmanət edildiyini, bu həssas məlumatların şəxsi maliyyə qazancı üçün istifadəsinin qadağan olduğunu bildirib.
ABŞ Prezidenti Donald Tramp cümə axşamı qatıldığı bir tədbirdə məsələ ilə bağlı sualları cavablandırarkən hadisədən xəbərdar olmadığını, lakin araşdıracağını qeyd edib.
Proqnoz bazarlarının insayder ticarətinə yol aça biləcəyi ilə bağlı narahatlıqlara toxunan Tramp bütün dünyanın qumarxanaya çevrildiyini deyib və bu cür mərc işlərinə müsbət baxmadığını bildirib.
Van Dayk dövlət sirrini şəxsi qazanc üçün istifadə etmək, ictimai olmayan məlumatları oğurlamaq, əmtəə dələduzluğu və elektron fırıldaqçılıq kimi ittihamlarla mühakimə olunacaq.


