Putin Əraqçi ilə görüşdü



Rusiya Prezidenti Vladimir Putin İranın xarici işlər naziri Abbas Əraqçi ilə görüşüb.

AFN.az xəbər verir ki, Putin Əraqçini Sankt-Peterburq şəhərindəki Boris Yeltsin adına Prezident Kitabxanasında qəbul edib.

Görüşdə Rusiya tərəfindən Kremlin xarici siyasət məsələləri üzrə müşaviri Yuriy Uşakov, xarici işlər naziri Sergey Lavrov, Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Kəşfiyyat İdarəsinin (QRU) rəisi İqor Kostyukov, İran tərəfindən isə Əraqçi ilə yanaşı, xarici işlər nazirinin müavini Kazım Qəribabadi və İranın Moskvadakı səfiri Kazım Cəlali iştirak edib.

Putin görüşün əvvəlində etdiyi çıxışda İranın ABŞ və İsrailin hücumlarına qarşı müqavimətinə toxunaraq, İran xalqının öz müstəqilliyi və suverenliyi uğrunda cəsurca, qəhrəmancasına mübarizə apardığını gördüklərini bildirib.

İran lideri Müctəba Xameneidən mesaj aldığını qeyd edən Putin bu mesaja görə səmimi təşəkkürünü ifadə edib. Rusiyanın da İran kimi strateji münasibətləri davam etdirmək niyyətində olduğunu vurğulayan Putin İran xalqının yeni liderin rəhbərliyi altında, öz cəsarətinə və müstəqillik arzularına dayanaraq bu çətin dövrü geridə qoyacağına və sülhün bərqərar olacağına dair böyük ümid bəslədiklərini deyib.

Putin həmçinin Rusiya, İran və bölgədəki digər ölkələrin maraqları naminə Yaxın Şərqə ən qısa zamanda sülh gətirmək üçün mümkün olan hər şeyi edəcəyini dilə gətirərək İran lideri Xameneiyə cansağlığı arzulayıb.

İranın xarici işlər naziri Əraqçi isə Putinə İran lideri Ayətullah Əli Xameneinin ABŞ-İsrail hücumlarında həyatını itirməsi səbəbilə başsağlığı mesajı göndərdiyi və yeni seçilən lider Müctəba Xameneini təbrik etdiyi üçün təşəkkür edib.

Müctəba Xamenei və İran Prezidenti Məsud Pezeşkianın salamlarını Putinə çatdıran Əraqçi Rusiya ilə İran arasındakı əlaqələrin ən yüksək səviyyədə strateji tərəfdaşlığı təmsil etdiyini və bu yolda davam edəcəklərini vurğulayıb.

İkitərəfli münasibətlərin baş verənlərə rəğmən daha da güclənəcəyini qeyd edən nazir, İran xalqının cəsarəti ilə ABŞ təcavüzünə qarşı müqavimət göstərdiyini və buna davam edəcəyini bütün dünyaya sübut etdiyini bildirib.

Əraqçi Rusiyanın çətin anlarda İranın yanında olduğunu xatırladaraq göstərilən güclü və qətiyyətli dəstəyə görə minnətdarlığını bildirib və Putinə bölgədəki son hadisələr barədə məlumat vermək istədiyini əlavə edib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu