Çin və Aİ arasında ticarət dövriyyəsi 16,6% artaraq 288 milyard dolları keçib
2026-cı ilin yanvar-aprel aylarında Çin ilə Avropa İttifaqı (Aİ) arasındakı ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 16,6% artaraq 288,31 milyard dollara çatıb.
Çin Baş Gömrük İdarəsinin məlumatına görə, bu artım fonunda Çinin Avropaya ixracı 19% artaraq 200,72 milyard dollar təşkil edib. Avropadan idxal isə 11,5% yüksələrək 87,58 milyard dollara bərabər olub. Nəticədə Çinin ticarət profitsiti 25,2% artaraq 113,14 milyard dollara yüksəlib.
Təkcə aprel ayında ticarət dövriyyəsi mart ayı ilə müqayisədə 8,2% artaraq 75,94 milyard dollar olub. Aylıq göstəricilərdə Çin ixracının 13,2% artması fonunda, Aİ-dən idxalın 1,8% azalması müşahidə edilib.
Avropa ölkələri arasında Çinin ən böyük ticarət tərəfdaşı statusunu Almaniya qoruyur. Almaniya ilə ticarət dövriyyəsi ilk dörd ayda 12,7% artaraq 72,47 milyard dollara çatıb. Ondan sonrakı sıralarda Hollandiya (37,06 milyard dollar) və Fransa (29,21 milyard dollar) qərarlaşıb. Qeyd edək ki, 2025-ci ilin yekununda Çin və Aİ arasındakı ticarət dövriyyəsi 5,4% artımla 828,11 milyard dollar təşkil etmişdi.
