Modi: Hindistan və Şimali Avropa münaqişələrin həllini dəstəkləyəcək


Dünyada geosiyasi gərginliyin artdığı bir dövrdə Hindistan və Şimali Avropa regionu qlobal təhlükəsizliyin təmin edilməsi və iqtisadi nizamın qorunması məqsədilə strateji əməkdaşlığı dərinləşdirir.

AFN.az xəbər verir ki, Norveçin paytaxtı Osloda baş tutan "Hindistan - Şimali Avropa Ölkələri" sammitinin yekun mətbuat konfransında çıxış edən Hindistanın Baş naziri Narendra Modi Ukrayna və Yaxın Şərqdəki böhranların tezliklə dayandırılması, dayanıqlı sülhün bərqərar olması üçün birgə diplomatik fəaliyyəti davam etdirəcəklərini bəyan edib. Sammit iştirakçıları mövcud beynəlxalq institutların, xüsusilə BMT-nin fəaliyyətində köklü islahatların aparılmasının vacibliyini də yekdilliklə qəbul ediblər.

Bu formatın yaradılmasından ötən səkkiz il ərzində Hindistan ilə Şimali Avropa regionu arasında ikitərəfli ticarətin ümumi həcmi təxminən dörd dəfə, son onillikdə isə investisiya axını 200 faiz artıb. Narendra Modi münasibətləri keyfiyyətcə yeni müstəviyə daşımaq məqsədilə son dövrlərdə mühüm azad ticarət sazişlərinin imzalandığını və bunun iki region arasında yeni "qızıl dövr" başlatdığını vurğulayıb.

Tərəfdaşlığın gələcək prioritetləri çərçivəsində universitetlər və laboratoriyalararası əlaqələr genişləndiriləcək, xüsusilə Arktika və qütb tədqiqatları sahəsində birgə layihələrin miqyası artırılacaq. Eyni zamanda, gənc istedadların və peşəkar kadrların hər iki region arasında qarşılıqlı mobilliyini təmin etmək üçün xüsusi proqramlar tətbiq oluncaq. Qeyd edək ki, Osloda keçirilən sammitdə Hindistan, Norveç, Danimarka, İslandiya, Finlandiya və İsveçin hökumət başçıları tam tərkibdə iştirak ediblər.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu